2014-cü ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulanların avtomobillə təminatı başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları qısa müddət ərzində uğurla icra edilib.
Sərəncamlara uyğun olaraq, cari ilədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin, habelə 776 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsin, ümumilikdə 1453 nəfərin avtomobillə tam təminatı həyata keçirilib. İndiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin sayı isə 5259 nəfərə çatıb.
Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə açıqlanan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilib.
Həmin bölmədə dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb edilən sənədlərin siyahısı, həmçinin dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün hansı hallarda tibbi göstərişin verildiyi barədə məlumat da əksini tapıb.