Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq, 1978–ci ildən etibarən hər il sentyabrın sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd edilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir. Ekoloji təqvimə daxil edilmiş “Beynəlxalq Dəniz günü”nün davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək.
“Xəzər həftəsi”nin bu ul sentyabrın 22-27-də qeyd olunması məqsədilə nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq, Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, "dəyirmi masa"ların keçirilməsi planlaşdırılıb. Həmçinin, Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub. “Beynəlxalq Dəniz günü” münasibətilə keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.
Mənbə: ANS PRESS