Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ili tamam olur. Türkiyə də daxil olmaqla, Albaniya, Bolqarıstan rəhbərləri Bakıdadırlar. Bu gün onların da iştirakı ilə möhtəşəm bir mərasim olacaq. Cənubi Qafqaz Boru kəmərinin genişləndirlməsinin əsası qoyulacaq.20 il öncə Azərbaycan və 7 ölkəni təmsil edən neft şirkətləri arasında tarixi saziş imzalandı – “Əsrin müqaviləsi”.ANS TV-nin məumatına görə, sazişin tərəfləri olan ölkələr Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq və Günəşli yatağının dərin hissəsinin karbohidrogen ehtiyatlarının birgə istismarına dair razılaşma əldə etmişdilər. Bu yataqlar 5 milyard barrellik ehtiyatı ilə Azərbaycanın bütün neft ehtiyatlarının yarıdan çoxu, daha dəqiq desək 70 faizi demək idi.İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard dolların 57,6 milyardı məhz dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.İndiyədək “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan xaricə 384 milyon ton neft ixrac edib. Bu neftin böyük bir hisəssi Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə, qalanı isə Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə göndərilib. Neft satışından Azərbaycanın Dövlət Neft Fonduna indiyədək 105 milyard dollardan artıq vəsait daxil olub. Bu gün bu fondda 36 milyard dollarlıq bir ehtiyat var. Zamanla neft pulları ölkədə çadır düşərgələrinin ləğvinə, yeni məktəblərə, xəstəxanalara, daha güclü orduya çevrildi. Amma nə Azəri, Çıraq və Günəşlidə, nə də digər yataqlarda neftin tükənməsini demək hələ tezdir. Dövlət Neft Şirkətinin açıqlamasına görə, təkcə təsdiq olunmuş neft ehtiyatları ölkəmizin istehlak və ixracına 50 il kifayətdir. Üstəlik yeni yataqlar da kəşf olunur və açılan nəhəng qaz mənbələrində də böyük həcmdə kondensat, yəni neft müəyyən olunub. Bir sözlə “Əsrin müqaviləsi” ilə başlanan neft erası hələ davam edir.
Mənbə: ANS PRESS