Qadin.NET / Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik

Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik

 

Azərbaycanda bu ildən ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına təhsil almaq üçün müraciət edən şagirdlərin seçimi zamanı bir sıra yeni hallara üstünlük veriləcək. 
Milli.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın təhsil nazirinin imzaladığı əmr əsasında müəssisələrin direktorlarına da bununla əlaqədar tapşırıqlar verilib. Direktorlara tapşırılıb ki, 2014/2015-ci tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta bala, işəgötürən təşkilatla onun istehsalat təcrübəsi keçirilməsinə lazımi şərait yaradacağı barədə müvafiq müqavilənin olmasına, şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilsin. 
Qeyd edək ki, indiyədək şagird seçimi zamanı şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara üstünlük verilirdi. 
Əmrə uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələri üzrə 2014-2015-ci tədris ili üçün şagird qəbulu planları təsdiq edilib. Müəssisələr şagird qəbuluna dair statistik hesabatları cari ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim etməlidirlər.
2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.
Mənbə: Milli.Az

 

19 sentyabr 2014
GO BACK