Qadin.NET / Xəstəliklər fəsli başlayır: nə etməli?

Xəstəliklər fəsli başlayır: nə etməli?

 

Payız xəstəliklərindən necə qorunmaq olar?

Havalar soyuduqca bədənin müqaviməti düşür. Günəş şüaları azaldığı üçün fikizi stress artır. Bədən zəiflədiyi üçün xəstəliyə yoluxma daha tez baş verir. Məktəblərin açılması isə xəstəliklərə yoluxmanı artırır. Payızın gəlməsinə isə sanılı günlər qalır. Belə demək mümkünsə, xəstəliklər fəsli başlayır.
Bədənin müqavimətini qıran bir çox dəyişiklik xəstəliklərin artmasına səbəb olur. Payızda günəş şüaları az olduğundan bədənin tələb ehtiyacı ödənilmir. Hava soyuq olduğu üçün dəri quruyur, çatlayır, infeksiya və allergik reaksiyalara açıq olur. Burun və ağız içi mukoza soyuğun təsirindən quruduğu üçün qoruyucu mexanizmlər pozulur və mikroblar ağız-burun yolu ilə asanca bədənə daxil olur.
Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, payız xəstəlikləri arasında qrip və soyuqdəyməyə daha çox rast gəlinir: "Payızda havanın soyuması, hava çirkliliyinin artması, məktəblərin açılması ilə xüsusilə uşaqların qaynar olduğu yerlərdə yoluxucu xəstəliklərin sayı artır. Payız aylarında xarakterik xəstəliklər soyuqdəymə, badamcıqların iltihabı-tonzilit, farengit-boğaz iltihabı, larengit-səs telləri bölgəsi larenkisin iltihabı, sinuzit, otitis media (orta qulaq iltihabı), bronxit və pnevmaniyadır".
Həkim bildirir ki, soyuqdəymə və qrip viruslarla yaranan xəstəliklərdir. Əlamətləri halsızlıq, qızdırma, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır.
Bakteriyalarla əmələ gələn və antibiotiklərin təsiri ilə sağalan tonzilit, farangit, larengit kimi infeksiyalarda isə şiddətli boğaz ağrısı, hərarətin yüksəlməsi, səs batıqlığı, qıcıq tərzində öskürək və ağrı meydana gəlir. Orta qulaq iltihabında isə ən çox şiddətli qulaq ağrısı müşahidə edilir. Akut sinuzitdə baş ağrısı, burun tutulması, başın ön qismi və almacıq sümüklərin üzərində dolğunluq, ağırlıq hiss edilir. Bronxit və pnevmaniyada öskürək, çirkli rəngdə bəlğəm, nəfəs darlığı və sinə ağrıları müşahidə olunur.
Müsahibimizin sözlərinə görə, viruslardan yaranan infeksiyalar antibiotikə ehtiyac olmadan sağalır, yaxşılaşır. İstirahət, bol maye qəbulu, vitaminlər, ağrı kəsicilər bu xəsətlikəri sağaldır. Yalnız qrip zamanı xüsusi virus dərmanlarından istifadə edilir.
Sadə infeksiyalarda əlmətlər 2-3 günə sakitləşir, yüngülləşir və keçir. Daha çox bakterial olan tonzilit, farengit, sinuzit və orta qulaq iltihabı kimi infeksiayalrda isə antibiotiklərdən istifadə edilir. Antibiotiklərdən istifadə etmək üçün mütləq həkim məsləhəti lazımdır: "Əgər xəstəliyin əlamətləri 2-3 gün içində azalmırsa, həkimə müraciət etməlisiniz. Əks halda, xəstəliyin müxtəlif fəsadları ola bilər".
M.Abbasova qeyd edir ki, payız xəstəliklərinə ən çox uşaqlar, diabet, astma kimi xroniki xəstəliyi olanlar yoluxurlar. Yetkinlərdə isə həddindən artıq yorğunluq, stress, qidalanma nizamsızlığı və həddən artıq soyuğa məruz qalma kimi hallarda xəstəlik görülə bilər: "Həkimlər, polis və xilasetmə işçiləri, müəllim və əsgər kimi xarici faktorlarla əlaqədə olan insanlar daha çox payız xəstəliklərinə yoluxurlar. Məktəblər, kafelər, fabriklər, iş yeri və ofislər xəstəliklərin asanca yayıldığı mühitlərdir. Qrip və bu kimi yoluxucu xəstəliklərdən qorunmaq üçün xəstələrlə yaxın təmasda olmayın. Qələm, kitab və stəkan kimi xüsusi əşyalarınızı xəstələrlə ortaq istifadə etməyin. Əl təmizliyinə çox diqqət yetirin. Əllərinizi göz və burnunuza vurmayın. Xüsusilə bağlı məkanlardan, ventilyasiyası yaxşı olmayan yerlərdən mümkün qədər uzaq olun. Mövsümə uyğun geyinməyə çalışın. Paltarlarınız nə çox nazik, nə də çox qalın olmalıdır. Qripi influenza virusu yaradır. Xəstəlik xəstə və ya daşıyıcı kəslərin asqırması və ya öskürməsi yoluyla asanlıqla bulaşa bilər. Virus bulaşmış əllərlə təmas etmək və ya öpüşmək də bu virusun keçməsinə səbəb ola bilər. Bununla yanaşı, qrip, xəstə və ya daşıyıcı adamın tutduğu qapı qolu, telefon və ya dəsmal kimi ortaq istifadə əşyalarından da bulaşa bilər".
Mütəxəssislərin fikrincə, bədən hava dəyişmələrinə 2-4 həftəyə öyrənir. Bu müddəti sağlam qalmağı bacaran insanlar sonra da daha az xəstələnir. Ancaq payız girən kimi xəstəliyə yoluxanlar bütün qış boyu xəstələnir. Özünüzü payız xəstəliklərindən qorumaq üçün ilk olaraq təmizliyə riayət edin.

Mənbə: Milli.Az

 

19 sentyabr 2014
GO BACK