Vaşinqtonda “ABŞ-Avropa Transatlantik İttifaqı: Ukrayna böhranı kontekstində NATO zirvə toplantısı və enerji təhlükəsizliyinin dəyərləndirilməsi” adlı toplantı keçirilib.
ANS TV-nin məlumatına görə, tədbirdə ABŞ Konqresinin üzvləri və diplomatik nümayəndələr iştirak ediblər. Toplantıda Ukrayna hadisələri zəminində Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Uels sammitində NATO-nun yekun bəyanatında bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etməsindən məmnun olduğunu və bu kontekstdə Alyansa üzv dövlətlərin öz siyasətlərində davamlı və birmənalı yanaşma nümayiş etdirməsinin vacibliyini deyib.
Digər çıxış edənlər isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiyasında Azərbaycanın müsbət rolunu vurğulayıblar. Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.