Rusiyalı turistlərin Azərbaycana daha çox səfər etməsi məqsədilə az büdcəli aviaşirkət yaradıla bilər.
ANS PRESS-in məlumatına görə, Rusiya İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov İTAR-TASS-da keçirilən mətbuat konfransında rusiyalıların ölkəmizə daha çox gəlməsi üçün belə bir şirkətin yaradılmasının zəruriliyini dilə gətirib: "Azbüdcəli aviaşirkət mövcud olsaydı, o zaman daha çox rusiyalı turist Azərbaycanı görə bilərdi. Əlbəttə, burada dövlətin iştirakı olmadan keçinmək olmaz".
Mətbuat konfransında iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz növbəsində Markovun fikirlərilə razılaşdığını bildirib: "Biz də bunu istəyirik. Bakıda turistlər üçün hər cür şərait yaradılıb. O cümlədən beşulduzlu, dördulduzlu, hətta yeddiulduzlu otellərimiz var. Gəzməli-görməli yerlərimiz də çoxdur, gözəl qumlu çimərliklər, dağ xizəyi kurortları var".
Mənbə: ANS PRESS