"Azərbaycanda məktəblərdə dini biliklərin mövcud dərsliklərdə genişləndirilmiş şəkildə və ya ayrıca fənn kimi tədris edilməsinə dair müzakirələr aparılır".
Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri hesab edir ki, məktəblərdə dini biliklərin daha geniş şəkildə tədris edilməsinə ehtiyac var: “Fikrincə, şagirdlərə ətraflı dini bilgilər vermək üçün “Həyat bilgisi” və ya digər fənlərin daxilində dinə aid bölməni artırmaq, yaxud da bunu ayrıca kurs və ya fənn kimi tədris etmək mümkündür. Məktəblərdə dini bilikləri geniş şəkildə yuxarı siniflərdə dinlər tarixi, dünya mədəniyyəti və din, müasir dünyamızda din və s. adlarla kurs və ya fənn kimi də tədris etmək olar. Əlbəttə, bu, sadəcə, bir ideya olaraq irəli sürülür. Bu bir fikir olaraq ortadadır və hazırda bununla bağlı müzakirələr aparılır. Təbii ki, burada pedaqoqların, təhsil üzrə mütəxəssislərin, din xadimlərinin bir araya gələrək bu barədə qərar qəbul etməsinə ehtiyac var”.
M.Qurbanlı qeyd edib ki, məktəblərdə dinlə bağlı əlavə xüsusi fənnin tədris olunması ideyası əvvəllər də olub. Bəziləri din dərsi deyəndə bunu “Qurani-Kərim”, “Tövrat”, “İncil”i öyrənmək kimi anlayır. Bir də var ki, uşaqlara dinlər haqqında geniş şəkildə ümumi məlumat verilir: “Məktəblərdə dinlərin, məzhəblərin, cərəyanların meydana gəlməsi, onların yaranma şəraiti, əsas prinsipləri, müasir dünyadakı yeri, yayılma coğrafiyası, başlıca məqsədləri, əsas kitabları və s. haqqında ətraflı bilgi verilməlidir. Vətəndaş, orta məktəbdə oxuyan yeniyetmə bu yolla din haqqında bilgi əldə edir. Düzdür, o, tarix kitablarında bu barədə müəyyən qədər məlumat əldə edir, amma orada, sadəcə, hadisələrin tarixi barədə məlumat verilir. Söhbət dərsliklərdə dinin mədrəsələrdə olduğu kimi tədrisindən yox, şagirdin həmin din haqqında və ya “Qurani-Kərim”, “Tövrat”, “İncil” haqqında daha sanballı eksiklopedik məlumat almasından gedir”.
DQİDK sədri hesab edir ki, həmin şəxsin din haqqında geniş bilgisi olduqda onun başqasının təsiri altına düşməsi ehtimalı daha az olur: “Bu cür şəxs istər-istəməz müəyyən mükalimə aparmaq qabiliyyətinə malik olur. Həmçinin bu cür şəxsə, yeniyetməyə kənardan kimsənin dini özünün istədiyi formada təbliğ etmək imkanı olmur. Məsələn, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) Məkkə və Mədinədə yaşadığı dövrlərdə onunla bağlı 65 minədək hədis var və onlar müxtəlif dillərdə nəşr olunub. Bu hədislər insanlara Peyğəmbərimizin (ə.s) hadisələrə necə münasibət bəsləməsi haqqında bilgi əldə etməyə kömək edir. Lakin dinşünasların, dini mərkəzlərin araşdırmalarına görə, bu hədislərin içərisində həqiqətə uyğun olmayanları, sonradan uydurulanları da var. Əgər yeniyetmənin, gəncin din haqqında ətraflı məlumatı olsa və kimsə dini ona dəqiq olmayan hədis vasitəsilə təbliğ-təşviq etmək istəsə, həmin yeniyetmənin, gəncin ona aldanmadığını görə bilərik”.