Qurban bayramı ərəfəsində dövlət qurumları Bakı və ətraf qəsəbələrdə reydlərə başlayacaq. ANS PRESS-in məlumatına görə, yoxlamalarda ətin, o cümlədən diri heyvanın qiymətinin süni şəkildə qaldırılmasının və keyfiyyətsiz məhsulların bazarlara çıxarılmasının qarşısı alınacaq.Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də Bakıda və ətraf qəsəbələrdə qurbanlıq heyvanlıqların satışı təşkil olunan yarmarkalar keçiriləcək. Yarmarkaların keçirilməsində başlıca məqsəd bayram ərəfəsində ət və ət məhsullarının, eləcə də, diri heyvanların qiymətinin artırılmasının qarşısını almaqdır. "Hansısa satış məntəqələrində qanunsuzluq aşkar olunarsa, cavabdeh şəxslər ciddi şəkildə cəzalandırılacaq”, - deyə Əliabbas Bağırov bildirib.Dövlət nümayəndələri əminliklə bildirirlər ki, Qurban bayramı ərəfəsində ət və ət məhsullarının qiymətində heç bir artım olmayacaq. İqtisadi və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq reydlərə başlanılıb.Qeyd olunan günlərdə əhalinin müxtəlif ərzaq məhsullarına olan təlabatının artmasını nəzərə alaraq bazarlarda reydlər keçirilir. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri keçirilir. Bazarlarda intensiv olaraq yoxlamalar aparılır. Əgər kimsə süni qiymət artımı halları ilə rastlaşarsa, o zaman nazirliyə məlumat versin”, - deyə Abbas Əliyev bildirib.
Qeyd edək ki, hazırda təşkil olunacaq satış yarmarkalarının ünvanları hazırlanır. Yarmarkalar əsasən ötən illər təşkil olunmuş ərazilərdə keçiriləcək. Lakin ola bilər ki, satış yarmarkalarının sayı artırılsın və əlavə məntəqələr təşkil olunsun.
Bazara çıxarılacaq ətin keyfiyyətin gəlincə, Dövlət Baytarlıq Xidmətindən əminliklə bildirilir ki, bu baxımdan da heç bir problem olmayacaq. Baxmayaraq ki, ötən aydan bəzi rayonlarda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılmışdı. Əsasən Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, Bərdə, Samux, Laçın, Zərdab rayonlarında heyvanlar arasında “Nodulyar dermatit” adlı virus bu xəstəliyə rast gəlinir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, həmin rayonlardan gətirilən heyvanlar ciddi şəkildə yoxlanılacaq. Onun sözlərinə görə, hansı kənddə virus aşkar olunubsa, həmin yerlərdən heyvan gətirilməsinin qarşısı alınacaq.
“Nodulyar dermatit” virusu yayılan kəndlərdən heyvan gətirilməsi məhdudlaşdırılacaq. Bundan başqa, satşa çıxarılacaq heyvanlar bir neçə mərhələdə yoxlamalardan keçiriləcək. Heyvanların linfa düyünlərindən nümunələr götürülərək, analiz olunacaq. Bundan başqa, bütün salllaqxanalarda xüsusi yoxlamalar təşkil olunacaq. Heyvanların kəsilmə şəraitinə ciddi şəkildə nəzarət olunacaq”, - deyə Yolçu Xanvəli bildirib.
Mənbə: ANS PRESS