XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə, konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilirdi. Ötən əsrin 90-cı illərində Azərbaycanda hər şeyin bir-birinə dəydiyi vaxtda bu ənənə də unuduldu. Dahi bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən, narahatlıq doğururdu. Unudulmaz Niyazinin təşəbbüsü 1995-ci ildə dövlət statusu aldı. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, musiqisevərlərin ürəyincə oldu. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: "Üzeyir musiqi günü".
Azərbaycan mədəniyyətinin ilk xadimləri acınacaqlı və məşəqqətli bir yol keçiblər. Amansız zülmün, cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda Milli Musiqili Teatrın yaradılması nadanlığa, cəhalətə meydan oxumaq demək idi. Məhz belə ağır vəziyyətə, əzablara baxmayaraq hədsiz çətinliklərə, təqib və təzyiqlərə məhəl qoymadan bu şərəfli işin öhdəsindən bacarıqla gələrək opera yazmaq işini cəsarətlə başlayan və inamla davam etdirən Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərdi. Üzeyir Hacıbəylinin kimliyi barəsində düşünərkən ilk növbədə bu dahi insanın öz sözləri yada düşür: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər". Bu müdrik fikrin ahəngindəki məna çox düşündürücüdür. Həqiqətən də elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanaraq müqəddəs əməlləri, yaradıcılığı ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. Üzeyir Hacıbəyli yaradıcılığa başladığı ilk gündən sübut etdi ki, o, nəinki bir ailənin, bir mahalın, bir xalqın, eləcə də bütün türk dünyasının böyük oğludur. Qarabağdan pərvazlanan bu parlaq sima millətinə və ölkəsinə elə bir şöhrət gətirdi ki, ziyası Günəş kimi əbədi işıq saçmaqdadır.
Mənbə: ANS PRESS