Artıq sentyabrın ortalarıdır. İstirahətdə olan insanlar yenidən evlərinə, işlərinə qayıdırlar. Bir qədər maddi imkanı olan insanlar istirahət üçün xarici ölkələrə getsələr də, digər qisim ölkə daxili ilə kifayətlənir. Bu zaman isə ilk ağıla gələn yer, yəqin ki, rayonlardır.
Bugünlərdə metro stansiyalarından birində qatar gözləyərkən iki qadının söhbətini eşitməli oldum. “İçərişəhər” stansiyasına qatar gözləyən və rus dilində danışan bu qadınlar şəhərdə “rayonluların” çoxluğundan şikayətlənirdilər. Biri digərinə “heyf deyildi əvvəlki Bakı, gəlib şəhərə yığılıblar” deyirdi, digəri isə onun sözlərini təsdiq edərək “yediyimizi, içdiyimizi bilirdik” dedi. Elə bu anda yadıma özünü “bakılı” adlandıran keçmiş iş yoldaşlarımdan birinin sözü düşdü. Deyərdi ki, “heyf deyildi “zamorojennıy” ət, gözəldi, dadlı idi, yeyərdik, indi “rayonnular” gəliblər təzə ət satırlar”. Bu cür düşünərək yeməkdən şikayət edənlərə gəldikdə, demək ki, bu insanların damaq dadı elə “zamorojennıe”dır.
O ki qaldı şəhərdə insan çoxluğuna bu, başqa məsələdir. Bu gün bir çox ölkələr əhalinin sayı ilə bağlı paytaxtı dəyişir, ali təhsil müəssisələrini, dövlət əhəmiyyətli müəssisələri şəhərin mərkəzindən kənara köçürürlər.
Məsələn, Nyu-Yorkda da əhali sıxlığı problemi var. Amma orada “rayon, kənd adamları” deyimi yoxdur. Bizdə isə əksinə, övladı şəhərin mərkəzindəki ali məktəbdə oxuyan, həyat yoldaşı mərkəzdə yerləşən şirkətə işə gedənlər heç özlərini paytaxtdan kənarda təsəvvür etmirlər, ancaq buraya kənardan gələnləri günahlandırırlar.
Son vaxtlar qarşılaşdığım digər belə bir söhbət isə alıcı ilə satıcı arasında oldu. Belə ki, yenə bir rusdilli qadın satıcıdan tərəvəz alarkən onu rus dilini bilməməkdə günahlandıraraq “kəndçi” dediyinin şahidi oldum. Satıcı ona cavab olaraq bir söz demədi. Bu da özündən yaşca böyük, həm də qadın olduğuna görə, hörmət əlaməti idi. Demək ki, “kəndçi” hörmət etməyi bilir. Həmin satıcının əvəzinə istədim alıcı qadına xarici dillə bağlı fikir bildirim ki, özünü “yerli bakılı” sayanların bir çoxunun xarici dil olan rus dilində danışması şərəfdirmi? Təbii ki, insan xarici dil bilməlidir. Ancaq heç də bu gün, məsələn, İngiltərədə əhali rus dilini bilməklə fəxr hissi keçirmir. Onlar yeni dil açmağa başlayan uşaqları ilə rus dilində danışıb, onları rus dilində məktəblərə qoyub özlərini “sosyetik” cəmiyyət olaraq ayırmırlar.
Rayonlu söhbəti edənlər sırasında ev kirayəyə verənlər daha çox qərarlaşıb. Burada yadıma rəhmətlik babamın biz uşaq olarkən söylədiyi bir söz düşür. Düzdür, o zamanlar mahiyyətini anlamazdım. O, Bakıda təhsil alarkən bunun şahidi olmuşdu. Deyərdi ki, “Bakıda bəzi kişilər işə getmir, ev kirayəsi ilə dolanırlar”. Bu gün şahidi oluruq ki, həqiqətən də, belədir. Ancaq rayondan gəlib şəhərdə yaşayanların bir çoxu iş dalınca gəlib məcburiyyət qarşısında burada yaşamalı, o cümlədən kirayədə qalmalı olsalar da, burada ev kirayəyə verən bəzi kişilərin işləməməsini qəbahət kimi onların üzünə vurmurlar. Əksinə, onlara kirayəyə ev verib əvəzində pul alanların “rayonlular gəlib şəhəri pis günə qoyublar”, “Bakıya gəlib, şəhər görüblər” deməsinin şahidi oluruq.
Həmçinin özünü rayon adamlarından fərqləndirən bu insanların xarici avtomobillərdə gedərkən maşının pəncərəsindən yerə plastik şüşələr atdığının, öz evinin qapısının qarşısına “bura zibil atanın...” yazaraq əlindəki zibili başqasını qapısının qarşısına qoymasının şahidi oluruq. Yeri gəlmişkən, bugünlərdə elə son dəblə geyinmiş, əsl “şəhərli” bir qadının əlindəki böyük zibil torbalarını da zibil qutusuna deyil, səkidəki ağacın dibinə qoyduğunun da şahidi oldum.
Beləcə rayon əhalisini “kəndçi” deyərək bəyənməyən bu insanlar sadə, mehriban davranışları da elə rayonlularda görürlər hər halda. Yazımın əvvəlində dediyim kimi havalar isinən kimi dincəlməyə bir rayon, kənd axtararkən o zaman həmin rayonlar, kəndləri yada salırlar. Çünki bilirlər ki, gedib məhz orada dincələcək, xoş üzlər, mehriban baxışlar görəcək, evinin ən ləziz xörəklərindən dadacaqlar.
Mən özüm kənddə doğulmamışam. Amma insanların yad “baxışlardan”, adamları kastalara ayıranlardan xoşum gəlmir. Bir də ki, kənddə yaşayanlardan bir nəfər “bu ağacı babam əkib”, yaxud “bu bulağı babam çəkib” deyə bilər, amma Bakıda yaşayanların heç birinin nə Şirvanşah I Axsitan, nə Hüseynqulu xanla qohumluğu yoxdur. Hər zaman özlərini fərqləndirən belə insanları gördükdə onlara “əvvəlcə, kənd yaranıb, sonra şəhər” sözünü xatırladıram.
Nigar Abdullayeva.
Mənbə: Milli.Az