Adam var çox yatmaqdan gileylidir, adam da var ümumiyyətlə, yata bilməməkdən. Məsələn, çox yatanlar, çalışmaq üçün daha çox zamana ehtiyacı olanlar, yatma saatlarını azaltmaq arzusu ilə yaşayırlar. Amma bəzi insanlar da var ki, hər nə qədər çalışsalar da yuxu rejimləri pozulduğu üçün yata bilmirlər. Beləcə, onlar bu həyat tərzinə alışırlar. Ekspertlər aparılan araşdırmalara görə, az yuxu ilə kifayətlənmənin insan sağlamlığını pozduğunu vurğulayırlar...
Azərbaycan dilinin izahlı lüğətində yuxu sözünün izahı belə verilir: dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin - şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxusuzluq sözü isə belə izah edilir: uyumama, uyuya bilməmə, yuxusu olmama, uyqusuzluq. Təbii ki, çox yatmaq ziyanlı olduğu kimi, bədəni yuxusuz qoymaq da zərərlidir. Yuxu insan orqanizmini sağlam tutan əsas funksiyalardan biridir. Sistemli yuxu olmadığı təqdirdə bu durum qidalanmaya, günlük yaşamda stres və digər problemlərə səbəb olur. Yetərincə yatmamaq yaddaş, götürmə və öyrənmə qabiliyyətini də zəiflədir. Həkimlər bu durumun vücudu xəstəliklərə açıq hala gətirdiyini bildirirlər. Buna görə də onların fikrincə, sağlam olmanın ilk şərtlərindən biri də nizamlı yuxudur. Türkiyə Yuxu Tibbi Dərnəyinin (TUTD) başqanı, professor Murat Aksu yuxunun yemək yemək, su içmək, nəfəs almaq kimi vücudun vazkeçilməz bir ehtiyacı olduğunu söyləyir. Onun sözlərinə görə, normal yatma müddəti hər orqanizmə görə dəyişir. Məsələn, birinə görə 4 saat, digərinə görə 11 saat arası dəyişir.
Professorun sözlərinə görə, yuxu həyatımızda imtina edilməməsi vacib olan bir mərhələdir: “Sağlam olmağın ön şərtlərindən biri də “sağlam” yuxudur. Bu səbəbdən yuxu heç bir yaşda boşa keçirilən bir vaxt olaraq görülməməlidir. Təbii ki, hər şey dozasında, normasında olanda gözəldir”.
Professor tələbələr arasında aparılmış yoxlamanın bu mövzuda maraqlı nəticələr ortaya çıxartdığını söyləyir: “Tələbələr arasında apardığımız yoxlama zamanı öyrəndik ki, onlar yuxusuz qaldıqları günün ertəsi yorğunluq, halsızlıq, konsentrasiya çətinliyi və yaddaşsızlıq kimi şikayətlər edirlər. Hətta onlar arasında yuxu basdığı üçün auditoriyada yatanlara da rast gəlindi. Amma yuxu rejiminə əməl edənlərin daha optimist, daha gümrah, daha rahat olduqlarını gördük və onların gün ərzində ətrafdakı insanlara da xoş aura bəxş etdiklərinin şahidi olduq.
Sosial şəbəkədə “yatan”lar
Psixoloq Elnur Rüstəmov da insanın özünü psixoloji cəhətdən rahat hiss etməsində yuxunun əsas şərt olduğunu söyləyir. Onun sözlərinə görə, insanlar müxtəlif səbəblərdən yuxusuz qalırlar ki, onların bəzilərini əziyyət çəkmədən aşmaq mümkündür. Yeri gəlmişkən qeyd edək ki, son illər insanlarımızın, təbii ki, xüsusən də gənclərimizin yuxusuz qalmasında sosial şəbəkələr əsas rol oynayır. Məsələn, başı sosial şəbəkəyə qarışan və vaxtın necə keçdiyini hiss etməyən insanlar bəzən gecələr saatlarla burada vaxt itirirlər. Bu isə həm işləyənlərin, həm də işləməyənlərin həyat tərzinə mənfi təsir edir. İşləyənlər işə gecikməmək üçün erkən qalxırlar ki, bu da onlarda halsızlıq, yorğunluq, depressiya kimi özünü qabarıq biruzə verir. İşləməyənlər isə gecə gec yatdıqları üçün günün əksər saatını yatmaqla keçirirlər ki, bu da normal həyat tərzi deyil.
Normal yuxu rejiminin faydaları
Bəs yuxu rejiminə əməl olunmasının faydaları nələrdir? İnternet materialları, psixoloq rəyləri və həkim məsləhətləri əsasında bu faydaları təqdim edirik.
- Gündə ən azı 7-8 saat yatmaq normal sayılır.
- İnsanı yatırdan hormonlar günə başlarkən xoşbəxtlik hormonuna çevrilir və həyata sevinclə və ümidlə baxmağını təmin edir. Normal yuxu rejiminə əməl edilməsi imuniteti də gücləndirir.
- Yuxu halında beyinlə yanaşı, insanın digər orqanları da istirahət edir.
- Əgər hətta istəsəniz belə yata bilmirsinizsə və bu problem bir həftə, bir ay və daha çox davam edirsə, o zaman həkimə müraciət etməyinizdə fayda var.
- Yuxulu deyilsinizsə, o zaman kitab oxuyun, ruhunuzu dincəldən musiqiyə qulaq asın və s. Ağlınızdan sizi narahat edən fikirləri çıxarmağa çalışın, sizə müsbət təsir edən şeylər barədə düşünün.
- İlıq duş, axşamlar yüngül yemək faydalıdır.
- Fiziki işlər də yuxunun bərpasında kömək ola bilər.
- Yataqda telefondan uzaq durun, televizora baxmayın, kompyuter oynamayın.
- Rusiyalı həkimlərin araşdırmasına görə, xroniki yuxusuzluq köklüyə, xərçəngə və diabet xəstəliyinə yol aça bilir.
- Yuxu eyni zamanda, orqanizmi bərpa etməyə kömək edir: sinirləri sakitləşdirir, immun sistemini gücləndirir, ürək-damar sistemini normallaşdırır.
- Yuxu rejiminizi nizamlayın. Yatmaq üçün yuxunuzun gəlməsini gözləməyin.
- Yatacağınız ərəfədə kafeinli içkilərdən, siqaretdən uzaq olun.
- Yatmazdan əvvəl acsanız, çox az yeyin və bir stəkan süd için.
Belə. Bütün bu sadalananlardan belə aydın olur ki, bəzilərimizin ciddi yanaşmadığımız, əhəmiyyət vermədiyimiz yuxu rejimimizi düzgün nizamlamaqla əslində, biz həm də həyat tərzimizi nizamlamış, onun axışını qaydaya salmış olarıq...
Mirzə Ələkbər Sabir “Millət necə tarac olur olsun, nə işim var?!” şeirində yazır:
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın.
Odur ki, necə deyərlər, yataq, amma bir el sözündə deyildiyimi kimi, fil qulağında yox...
Mənbə: Milli.Az