Hər birimiz ay ərazində bir neçə toya çağırılırıq. “O iş yoldaşımdır”, “bu qrup yoldaşım olub”, “mənim toyuma gəlib, gərək borcunu qaytarım”, “sabah üz-üzə gələcəyik”, “getməsəm, ayıb olar” və s. kimi fikirlər hər evdə ay ərzində ən azı 3-4 dəfə səslənir. Verilən dəvətnamələrə sevinmək əvəzinə “qara-qara” düşünməyə başalayırıq. Nəticə etibarilə aldığımız maaşın çox hissəsi “restoran mafiyası”nın güdazına gedir. Toylara yazdırdığımız nəmərin məclis sahibinə “xeyir”i bundan ibarət olur ki, yığılan pullar hesabına şadlıq evinə borcunu ödəyə bilir. Vəssalam.
Azərbaycandakı şadlıq evlərində hökm sürən israfçılığın qarşısının alınması üçün müəyyən addımlar atılır, qulaq batıran səs-akustika məsələsi tənzimlənməkdədir. Bu məsələnin, heç şübhəsiz, parlamentin payız sessiyasında ciddi müzakirə mövzusu olacağı da istisna deyil. Bu, necə deyərlər, məsələnin bir tərəfi.
Digər tərəf ondan ibarətdir ki, fikirləşmək olar, əgər toy sahibinin xəci azalacaqsa, deməli, toya salınacaq nəməri də azalda biləcəyik. Məsələ burasındadır ki, orta statistik azərbaycanlı toya gedərkən 1 nəfər üçün 50 manat nəmər yazılır. Ən azı. Çünki bəzən getdiyimiz toyun menyüsünü görəndə məbləği artırmaq məcburiyyətində qaldığmız vaxtlar da olur. Restorandakı menyünün tənzimlənəcəyi təqdirdə toy xərclərinin aşağı salınması birbaşa nəmərə də təsir edəcək. Heç olmasa aldığımız dəvətnamələrə sevinə biləcəyik.
Modern.az-a daxil olan məlumata görə, restoranlarda kiçik toy və nişan mərasimlərinin keçirilməsi üçün müraciətlərdən imtina gündəmə gəlib. Yeri gəlmişkən, kimi dindirirsən, böyük əksəriyyət sünnət toyunun təmtəraqlı keçirilməsinin qəti əleyhinə olduğunu vurğulayır. Amma...
Əmması budur ki, il ərzində dəfələrlə toya çağırılan, aparıb həmin məclislərə nəmər yazdıran kiçik yaşlı uşağın valideyni əvəzini sünnət etməklə çıxmağa çalışır. Fikirləşir ki, “mənim uşağım balacadır, o, böyüyənədək toyuna getdiklərim o vaxta qədər sağ qala-qalmaya...”.
Burada həqiqət var. Onda çıxış yolu nədədir? Çıxış yolunun ilk addımı isə toy xərclərinin aşağı salınmasıdır. Belə olan halda qonaqlar süfrəyə uyğun olaraq nəməri az yazdıracaq, toy sahibi də sabah başqasının toyuna çağırılanda “pul dərdi” çəkməyəcək.
Əgər sadaladığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqsa, ən azı verilən dəvətnamələrə görə “bu çox da lazım idi mənə” deyilməyəcək. Dəvətnaməni aldıqdan sonra ürəklə “Mübarəkdi!”, “Allah xoşbəxt etsin!” deyə biləcəyik.
Ümid edirik ki, bu yazı “yaralar”a “məlhəm” olacaq. Əgər yuxarıda bəhs etdiyimiz problem yaxşıya doğru həll olunacaqsa, hər biriniz aldığınız maaşı ora-bura bölüşdürmədən rahatca xərcləyə biləcəksiniz. Elə mən də...