Qadin.NET / Dilimizə yeni sözlər daxil edilir

Dilimizə yeni sözlər daxil edilir

 

Son dövrlərdə Azərbaycan dilinə daxil olmuş yeni sözlər müəyyənləşdirilib

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə deyib ki, hazırda həmin sözlərlə bağlı komissiyanın müvafiq bölməsində müzakirələr aparılır. Bu müzakirələr başa çatdıqdan sonra dilimizə daxil olmuş 250-yə qədər yeni söz və söz birləşməsinin siyahısı komissiyanın dekabrda işıq üzü görəcək xüsusi bülletenində nəşr ediləcək. Yeni sözlər daha çox texniki və ictimai-siyasi həyatla bağlıdır. Həmin sözlər "planşet", "onlayn", "plazma televizor", "sosial şəbəkə", "selfi" (özünü çəkmə), "sensor" və s.-dir.
Son sövrlərdə dilimizə əksər sözlərin ingilis dilindən keçdiyini deyən S.Sadıqova bildirib ki, onların əksəriyyətinin azərbaycanca qarşılığı yaranıb. Yeni sözlər texniki sahədə, KİV-də hazırda geniş şəkildə işlənsə və mütəxəssislər tərəfindən qəbul olunsa da, onlar Azərbaycan dilinin yeni orfoqrafiya lüğətində, eləcə də digər izahlı lüğətlərdə verilməyib.
Komissiya rəsmisi əlavə edib ki, həmin sözlər gələcəkdə orfoqrafiya lüğətində, eyni zamanda, izahlı lüğətlərdə öz əksini tapacaq.
Dilin daim inkişafda olduğunu deyən S.Sadıqova qeyd edib ki, 2004-cü ildə çap edilmiş orfoqrafiya lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz var: “Dilimizə də yeni daxil olmuş sözlər gələcəkdə orfoqrafiya lüğətinə daxil ediləcək. Nəzərə alınmalıdır ki, dilə yeni sözlər daxil olmasa, o, məhvə doğru gedir. Buna görə də dildə inkişaf nəzərə alınmalıdır”.

Mənbə: Milli.Az
17 sentyabr 2014
GO BACK