Azərbaycanda nikaha daxil olan şəxslər bir-birilərini bilərəkdən dəri-zöhrəvi və insan immun çatışmazlığı virusuna yoluxdurduğu halda cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.
Yeni dəyişiklikləri nəzərdə tutan layihədə nikaha girən şəxslərin icbari tibbi müayinəsi təsbit olunur. Layihəyə görə, nikaha girən şəxslər dövlət tibb müəssisələrində pulsuz olaraq icbari tibbi müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar. Tərəflərin müayinədən keçdiyi əsas xəstəliklər, əsasən, insan immun çatışmazlığı virusu və dəri-zöhrəvi yolla keçən xəstəliklər olacaq.
Nikaha daxil olmaq istəyən şəxslər icbari tibbi müayinədən keçdikdən sonra aldıqları arayışı Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrinə təqdim edəcəklər. Bu arayışda nikaha daxil olanların yalnız icbari tibbi müayinədən keçdikləri qeyd ediləcək. Ancaq arayışda nikaha daxil olmaq istəyən şəxsin xəstə olub-olmaması barədə heç nə yazılmayacaq. Tərəflərin xəstə olub-olmaması həkim tərəfindən müraciət edənin özünə açıqlanacaq və bundan sonra tərəflər də bir-birilərini bu barədə məlumatlandıracaqlar. Həkim sirri olduğundan həmin şəxslərin səhhəti barədə məlumatların VVAQ orqanlara ötürülməsi düzgün sayılmır.
Hesab edilir ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq edilir və bir çox genetik, irsi və qan xəstəliklərinin yayılmasının qarşısını alıb. Bu müayinənin aparılması Azərbaycanda da genetik irsi xəstəliklərin, xüsusilə, talassemiya və hemofiliyanın qarşısını xeyli alacaq.
Qeyd edilən məsələlər Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin sabahkı birgə iclasında müzakirə ediləcək.