Qadin.NET / Dünyanın "iPhone 6" çılğınlığı Azərbaycanı da vurdu

Dünyanın "iPhone 6" çılğınlığı Azərbaycanı da vurdu

 

Psixoloq: “Kreditlə bahalı telefon alanların psixi problemleri var...”

Apple-in son istehsalı olan “iPhone 6” mobil telefon modelinin dünyanın müxtəlif ölkələrində satışının başlaması xəbəri ölkəmizdə də yeni izdihama səbəb olub. Sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olan yeni model hələ Azərbaycanda satışda deyil. Lakin potensial müştərilər indidən mağaza sahiblərinə sifarişlərini verib.
Rauf adılı telefon ustası satışla da məşğul olduğunu bildirdi. 
“Dostdan, tanışdan çox adam “iPhone 6”-nı gözləyir”, - deyən müsahibimiz belə müştərilərinin çox olduğunu bildirdi:
“Hamsı özünü göstərmək üçün edir. Adam var gəlib deyir: “Sən canın, gör nə edirsən, qonşum “iPhone 5” işlədir. Mənə “kitayski”sini gətir, alım”. O qədər olub ki… 100 manata iPhone5 gətirmişəm, alıblar. Amma təbii ki, orjinalının funksiyalarını yerinə yetirməyə gücü çatmır. Elə oyun var yükləyir, eləsi var edə bilmir. Yaxud sosial şəbəkələrə girişi rahat deyil. Tez-tez donur. Amma üzdən birə-birdir. Seçə bilməzsiniz. Bunlar hamsı psixoloji məsələlərdir. Sırf özünü göstərmək üçün borca, xərcə girib bizdən “iPhone 5” alan adam da var. Amma sizə səmimi deyirəm, dəyməz. Mən telefon ustasıyam, mənə “iPhone 5”, ya adi “Nokia”, fərqi yoxdur, ikisinə də eyni baxıram. “iPohene”lərin içində ən yaxşısı “iPhone 4”-dür. Yan hissələri nikeldəndir”.
Mağazda “iPhone 5”-in qiymətinin nağd 659 manat olduğunu deyən Rauf bəy kreditə götürülüdüyü halda bu rəqəmin 750-800 manatadək yüksəldiyini bildirdi. “iPhone 6”nın isə minimum 1000 dollardan satışa çıxarılacağını söyləyən, müsahibimiz bu qiymətə telefon almağın mənasız olduğunu dedi. 
“Elə olub uşaq ayağını dirəyib ki, mənə “iPhone 5” alacaqsınız”, - deyən Mehman bəy də telefon satıcısıdır. Bu sahədə çalışdığı son 3 ildə xeyli bu cür hadisə ilə üzləşdiyini söyləyən müsahibimiz, göstəriş naminə insanların neçə aylar qazandıqları pulu telefona verdiyini dedi. Daha çox imkanlı adamların son model telefonlar aldığını deyən müsahibimiz bu kateqoriyaya daxil olmayan sadə vətəndaşların da bahalı telefon cihazları aldığını bildirdi. Hazırda ən çox satılan telefonların ən bahalı olanlar olduğunu deyən Mehman bəy “iPhone 5”-in 689 manat, “Samsung Galaxy 5”-in isə 559 manata satıldığını bildirdi. 
Psixoloq rəyi: “Bəzi insanlar özünü brend mallarla təsdiq etməyə çalışır”
Bəs nədən insanlar 2-3 aylıq maaşlarını bir telefon cihazına verirlər. Amma xəstələnəndə əksər vaxt həkimə getməyə ya ərinirlər, ya da simiclik edirlər. Bunun ruhsal gizlinlərini açmaq üçün psixoloq Elnur Rüstəmova müraciət etdik:
“Ümumiyyətlə, bir qism insanlarda qeyd etdiyiniz hal özünütəsdiqdən dolayı baş verir. İnsan özünü brend markalarla, bahalı telefonlarla təsdiq etməyə çalışır. Zaman keçdikcə bu, onlarda xroniki hal alır. Problem daha çox psixolojidi. Diqqət etsəniz görərsiniz ki, kifayət qədər imkanlı olan insanlar bu cür israfçılığa yol vermirlər. Dolayısı ilə özlərini bu yollarla təsdiq etməyə cəhd göstərmirlər. Daha çox psixoloji narahatlıq yaşayan insanlarda qeyd etdiyiniz hallar baş verir. Sadəcə insanlarımız hələ ki, bunu bir problem kimi görmürlər. Bu səbəbdəndi ki, kredit zamanı gələndə gərgin, əsəbi, ətrafla münasibətdə aqressiv davranırlar”.
Yekunda qeyd edək ki, sentyabr ayında 12 milyon “iPhone 6” satılması gözlənilir. “Apple” yeni modeli ilin sonuna qədər 100 ölkədə satışa çıxarmağı planlaşdırır.

Mənbə: Milli.Az

 

15 sentyabr 2014
GO BACK