Təhsil Naziri Mikayıl Cabbarov "Bilik günü" münasibəti ilə müəllimləri, tələbələri və şagirdləri təbrik edib.
ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, nazir yeni tədris ilində hamıya yeni naliyyətlər arzulayıb:
"Bugün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu,həyəcan və xəyalları ilə gələcəyə baxdığımız “Bilik günü”dür. Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.
Adı “Bilik günü” kimi qeyd olunan bugün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır.
Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcək.
Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaq. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.
P.S. Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq birinci sinifə gedəcək balaları, SABAH qruplarında oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik edirəm!"