Bu gün Azərbaycanda Bilik Günüdür. Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinifə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq.
Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.
Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik Günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinifə gedir.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olunan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.
Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.
Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.