Qadin.NET / İlham Əliyev bəyanat verdi

İlham Əliyev bəyanat verdi

Sentyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.Prezident İlham Əliyev bəyanatında Malayziyanı Azərbaycan üçün mühüm tərəfdaş və dost ölkə olduğunu bildirib: "Hörmətli cənab baş nazir. Xanımlar və cənablar. Əvvəlcə, cənab baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyinizə görə sizə təşəkkür edirəm. Bu, Malayziya baş nazirinin Azərbaycana ilk səfəridir. Bu, tarixi bir səfərdir və əməkdaşlığımızın tarixinə həkk olunacaq. Bu səfərə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticəsi ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Əməkdaşlığımızın yaxşı tarixçəsi var. Əminəm ki, gələcək üçün çox böyük perspektiv var. Çünki bizim çox fəal siyasi dialoqumuz mövcuddur. Əminəm ki, bugünkü səfər də siyasi təmaslarımızı gücləndirəcək. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasi dialoq aparırıq.Biz bu gün Birgə Bəyannamə imzaladıq. Əminəm ki, bu, gələcək əməkdaşlığımızın inkişafı baxımından çox mühüm sənəd olacaq. Çünki həmin sənəd əməkdaşlığımızın bütün aspektlərini - siyasi, iqtisadi, enerji sahələrini əhatə edir. Eyni zamanda, biz bu gün cənab baş nazirlə geniş müzakirə apardıq. Bizim beynəlxalq təsisatlar çərçivəsində də çox müsbət əməkdaşlığımız var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda. Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə edir".Dövlət başçısı qeyd edib ki, bu, beynəlxalq hüquqa uyğun olan bir mövqedir və bizim əməkdaşlığımızı, qardaşlığımızı əks etdirir: "Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir".
İlham Əliyev bildirib ki, həmin o zorakılığı və soyqırımı bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər: "Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm.
Biz bu gün iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Razılıq əldə edildi ki, hər iki ölkənin şirkətləri qarşılıqlı şəkildə sərmayə yatırsınlar. Bu gün biznes forum keçiriləcək və hər iki ölkə öz biznes imkanlarını təqdim edəcək. Zənnimcə, praktiki addımlar müəyyən ediləcək ki, gələcəkdə əməkdaşlığımız güclənə bilsin. Biz birgə sərmayə imkanlarını nəzərdən keçirdik - söhbət üçüncü ölkələrdə reallaşdırılacaq layihələrdən gedir. Zənnimcə, böyük potensial var. Təəssüflər olsun ki, bu gün ticarət dövriyyəmiz olduqca aşağı səviyyədədir. Amma əminəm ki, bu səfərdən sonra müsbət irəliləyiş əldə ediləcək. Bu gün biz enerji sahəsində çox ətraflı, geniş müzakirə apardıq. Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik - enerji resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə".
Prezident deyib ki, bu səbəbdən də bu gün SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır: "Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr görəcəyik".Onu da qeyd etmək istərdim ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər göstəririk. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır. Cənab baş nazir, bir daha sizi Azərbaycanda salamlayıram".

Mənbə: ANS PRESS

12 sentyabr 2014
GO BACK