Qadin.NET / Bağçalarda vəziyyət

Bağçalarda vəziyyət

 

Dövlət uşaq bağçalarında qanunsuz ödəmələr tələb olunur, özəllərdə isə qanuni ödəmələr “kəllə-çarxa” çıxarılıb

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Bakıda 343 məktəbəqədər təhsil müəssisəsindən 301-nin 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeliyindən alındığını bildirib. Onun sözlərinə görə, 2012-ci ilin avqustunda da 39 bağça Dövlət Neft Şirkətinin tabeliyindən alınıb: "Başqa sözlə, bu gün 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36.977 uşaq təlim-tərbiyə alır. Bu günə qədər 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunub. Və onların təminat məsələsi yüksək səviyyədə həll edilib. Bu bağçalarda uşaqlar gündə 4 dəfə təzə ərzaq məhsullarından hazırlanmış yeməklə təmin edilirlər". 
"1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır"
"Bu bağçalarda artıq təmir işlərinə başlanılıb. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısını təmir etsək, bizdə 402 bağça olacaqdır. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya ehtiyacımız vardır. Əgər 4 qruplu bağçalar tiksək, söhbət 1505 bağçadan gedəcək. Bağçaların ərazisində qeyri-qanuni tikililərin hamısı ləğv edilib. Hazırda faktiki olaraq bağçalarda ən azı 1 və ya 1,5 hektar boş torpaq sahələrimiz var. Burada yeni bağçalar tikmək mümkündür. Əgər bu bağçaları da tiksək, mövcud bağçalarla birlikdə uşaqların 70-75 faizə qədərini təmin etmiş olarıq. Qalır 25 faiz, bunu da yeni bağçalar tikməklə problemi həll edə bilərik".
Bağçanın uşaqlara faydası
Uşaq psixoloqu Kəmalə Baxış "BizimYola açıqlamasında bildirdi ki, bağçalar uşaqların formalaşmasında çox mühüm rol oynayır. Çünki uşaqların sosial həyata adaptasiyası elə bağçalardan başlayır: "Bağçaya gedən və getməyən uşaqların fərqləri çoxdur. Bağçaya getməyən uşaqların məktəbə alışması da olduqca çətin olur. Uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən əziyyət çəkirlər. Onlar tez-tez xəstələnir, ağlayır, analarını istəyir, oxumağa meylləri olmur. Ancaq bağçaya gedən uşaqların öyrənmə istəyi formalaşmış olur. Onlarda yeni bir şey öyrənməyə, sual cavablandırmağa maraq yüksək olur". 
Psixoloqun fikrincə, bağça uşaqlara nizam-intizam öyrədir, onlarda bəzi xüsusiyyətləri formalaşdırır: "Bağçalar uşaqlarda nizam-intizamın formalaşmasına, aktivliyinə, dünya görüşünə, ümumiyyətlə mədəniyyətinə çox böyük təsir göstərir. Uşaqlar bağçaya gedən zaman rejimdə olurlar. Səhər durmaları, yeməkləri, günorta yuxuları və s. qaydada olur. Bu da onların gələcəkdə rejimlə yaşamasına yardımçı olacaq. Evdə oturan uşaqlarda isə bu vərdişlər yaranmır".
Dövlət bağçası, yoxsa özəl bağça?
Özəl bağçaların qiymətlərinin yüksək olması hər kəsə məlumdur. Ancaq, övladının daha yaxşı təhsil alıb, məktəbə tam hazır olmasını istəyən valideynlər özəl bağçalara üz tuturlar. "Bizim Yol" qəzetinin əməkdaşı bir neçə özəl bağçayla əlaqə saxlayaraq onların tədris sistemi və aylıq ödənişləri ilə maraqlanıb. 
"Mikeys house" uşaq bağçasından əməkdaşımıza bildiriblər ki, bağça ingilis dillidir. Bütün məşğələlər ingilis dilində aparılır: "Səhər 8-dən axşam saat 6-ya qədər bağçamız fəaliyyət göstərir. Bağçanın aylıq ödənişi 600 manatdır".
"Çeburaşka" uşaq bağçasında 3 yaşından etibarən uşaqlara proqram əsasında dərs keçildiyini bildirdilər. Bağçadan verilən məlumata görə, ingilis, rus dilləri uşaqlara öyrədilir: "bağçanın özü rus dilli bağçadır. Müəllimlərin uşaqlarla ünsiyyəti, dərslər, oyunlar hamısı rus dilində həyata keçirilir. Həftədə 2 dəfə isə ingilis dili tədris olunur. Ona görə uşaqlar iki dili birdən öyrənmiş olurlar. Musiqi, rəqs dərslərimiz var. Uşaq artıq məktəbə getdikdə bağçadan tam hazır şəkildə ayrılmış olur. Yazmağı, oxumağı, vurma cədvəlini, toplama-çıxma əməllərini uşaqlar öyrənmiş olurlar. Bağçanın aylıq ödənişi 400 manatdır".
"Nağıllar aləmi" uşaq bağçası da rus dilli bağçalardandır. Bağçanın özünün tətbiq etdiyi təhsil proqramı əsasında uşaqlara dərs keçilir: "Uşaqlar olduqca yaxşı inkişaf edirlər. Həftədə 3 dəfə ingilis dili, 2 dəfə musiqi, 1 dəfə isə rəqs dərsləri keçilir. Yeməklər olduqca yaxşıdır. Aylıq ödəniş isə 330 manatdır. Bağçamız balaca olduğundan cəmi 2 qrupumuz var. Hər qrupda da 15-16 uşaq olur".
"Baby Plaza" uşaq bağçasında isə uşağın yaşından asılı olaraq tədris rus, ingilis, azərbaycan dillərində olur. 3 yaşından yuxarı uşaqlar üçün hər üç dildə dərs keçilə bilər: "Dərslərimiz cədvəl əsasında həyata keçirilir. İdman, musiqi, rəqs, ətraf aləmlə tanışlıq, riyaziyyat, rəsm kimi dərslər tədris olunur. Aylıq ödənişimiz 650 manatdır". "Buta" uşaq bağçasına isə artıq bütöv gün üçün yer olmadığını bildirdilər. Bağçanın yarım günlük ödənişi isə 250 manatdır.
Türkan Məmmədovanın (ad şərtidir) 4 yaşlı qızı dövlət bağçalarının birinə gedir. O, maddi durumlarının özəl bağçaya yetmədiyini deyir. Onun sözlərinə görə, bağça keçən il dövlət tərəfindən təmir olunub, şəraiti olduqca yaxşıdır: "Təmizliyi əvvəlkindən qat-qat yaxşıdır. Yeməkləri isə normaldır. Əla və ya bərbad olduğunu söyləyə bilmərəm. Ancaq, uşaqlara verilən qidalar normaldır. Müəllimlər uşaqlarla çox yaxşı rəftar edirlər. Özəl bağçalarda yeməklər dövlət bağçalarından qat-qat yaxşı ola bilər. Onlarda rus, ingilis dillərində tədrisin olması qiymətlərinin yüksək olmasına səbəb olur. Ancaq hər ailənin uşaqlarını bu bağçalara göndərməyə gücü çatmır".
Dövlət bağçasında olan problemlər
T.Məmmədova dövlət bağçasından çox narazılığı olmadığını deyir. Ancaq valideynin tək problemi hər ay bağçaya pul ödəməli olmasıdır: "Tək problem bağçanın ödənişli olmasıdır. Hər ay üçün 20 manat ödəməliyəm. Bilirəm ki, dövlət bağçasına bu qədər pul ödənməli deyil. Ağzımı açıb nəsə deyəndə də deyirlər ki, "Sən bu məsələyə qarışma". Müəllimlər bu pulun onların maaşına bir aidiyyatı olmadığını, ümumiyyətlə nə üçün tələb olunduğunu bilmədiklərini deyirlər. Dövlət bağçalarının 10 illik vergidən azad olunduğunu çox yaxşı bilirəm. Yaxşı, bəs bu 20 manat hər ay hara gedir? Niyə övladım dövlət bağçasında ola-ola 20 manat ödəməliyəm? Özü də kimin imkanı var, kimin imkanı yoxdur, ona baxmırlar. Deyirlər, "pulu verməlisən".
Valideynin sözlərinə görə, ayda 20 manatdan əlavə hər bir uşaq ildə iki dəfə bağça üçün salfet almalıdır: "Dövlət bağçalarında anlamadığım tək şey bağçaya gedən uşaqlardan yaş, quru salfetlər tələb etmələridir. Hətta tualet kağızını belə biz alırıq. İldə 2 dəfə bu salfetləri almaq kimi bir öhdəliyimiz var. Bunu hələ də anlaya bilmirəm ki, məgər dövlət bağçanı lazımi ləvazimatlarla təmin etmir?".
Qanuna görə...
"Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" Qanun "Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunda dəyişiklik edilməsi barədə, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanunun ləğv edilməsi barədə və "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanunun ləğv edilməsi barədədir. Belə ki, "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanun ləğv edilərək, Vergi Məcəlləsinə daxil edilib. Bununla da, bağçalar Vergi Məcəlləsinə uyğun olaraq, 10 il müddətinə vergidən azad edilib.
Dövlət bağçasında valideyndən aylıq ödənişin alınması nə dərəcədə düzgündür?
İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol"a bildirdi ki, bağçalarda qiymətlərin baha olmasının səbəbi ciddi rəqabətli mühitin olmamasından qaynaqlanır. Qiymətin ucuzlaşması üçün indikindən dəfələrlə çox bağçaların fəaliyyət göstərməsinə ehtiyac var: "İndikindən dəfələrlə çox bağçalar olmalıdır ki, rəqabət yaransın, qiymət düşsün. Bağçaların vergidən azad olunması müsbət addımdır. Amma azdır. Bununla yanaşı təşviq proqramı qəbul edilməli, bu işlə məşğul olmaq istəyən insanlara, şirkətlərə uzun müddətli, aşağı faizli kreditlər verilməlidir. Bundan əlavə, bağça tikmək üçün torpaq sahələri, binalar üçün yerlər pulsuz verilməlidir. Əgər tikilən binanın birinci mərtəbəsində bağça olacaqsa, bu zaman həmin şəxsə ciddi vergi güzəştləri tətbiq edilməlidir".
Ekspert dövlət bağçalarında aylıq ödənişin tamamilə qeyri- qanuni olduğunu deyir. Onun fikrincə, bütün bu rüşvət hallarının qarşısını almaq üçün dövlət bağçalarında tərbiyəçi və müəllimlərin maaşlarını qaldırmaq lazımdır.

Mənbə: Milli.Az
12 sentyabr 2014
GO BACK