Qadin.NET / Azərbaycanda işləyənlərin sayı açıqlandı

Azərbaycanda işləyənlərin sayı açıqlandı

 

Azərbaycanda işləyənlərin sayı açıqlandı

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. 865 min 491 nəfərə yüksəlib.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb. 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,9 faizi kişi, 41,1 faizi isə qadındır. 
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 24 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,6 faizini 30 yaşa kimi vətəndaşlar, 21,6 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir. 
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı il tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Mənbə: ANS PRESS

 

12 sentyabr 2014
GO BACK