Heydər Əliyev Fondu 2014-2015-ci tədris ili ərəfəsində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş 10 min çanta və dərs ləvazimatını məktəblərə paylayıb.Xatırladaq ki, Fond Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və məktəb ləvazimatları hədiyyə edir.Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları həyata keçirilir.Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2014-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunub və yenidən qurulub. “Təhsilə dəstək” layihəsi isə təhsil müəssisələrinin yeni dərslik və tədris vəsaitləri ilə təmin edilməsini, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasını, təhsilin keyfiyyət səviyyəsinin artırılmasına xidmət edən digər tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Mənbə: ANS PRESS