Qadin.NET / Avtobus dayanacağında maşın saxlayan sürücülər cərimə olunacaq

Avtobus dayanacağında maşın saxlayan sürücülər cərimə olunacaq

Avtobus sürücülərin minik avtomobillərindən narazıdırlar. Çünki bu nəqliyyat vasitələrinin sürücüləri dayanacaqlara məhəl qoymur.
ANS TV-nin məlumatına görə, avtobus sürücülərilə dayanacaqlarda duran minik avtomobil sürücülərinin mübəhisələrini görmək artıq adi hala çevrilib. Mübahisənin də səbəbi, birinin digərinin yerini tutmasıdır. Avtomobil sürücüləri dayanmağa yerin olmadığından gileylənir, avtobus sürücüləri isə onlara ayarılmış dayanacaqlara, həmin minik maşınlarının ucbatından daxil ola bilməməsindən şikayət edir. Nəqliyyatın İntelektual İdarə Etmə Mərkəzində bu cür halların tez-tez baş verməsinin kameralar vasitəsilə bir daha şahidi olmaq mümkündür.
Məsələ ondadır ki, minik avtomobilləri və taksi fəaliyyətilə məşğul olan sürücülər, qanunsuz olaraq dayanacaq ərazisini zəbt edir. Bu zaman da avtobus sürücüləri dayanacağa daxil olmadan, elə yolun ortasında duraraq sərnişinləri düşürür. Bu halda isə bir tərəfdən sərnişinlərin təhlükəsizliyi təmin olunmur. Digər tərəfdən isə hərəkətdə olan digər sürücülər narazılıq edir. Bu hal elə avtobus sürücülərinin də ürəyincə deyil.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O, isə öz növbəsində bu istiqamətdə müvafiq işlərin aparıldığını və dayanacaqları qanunsuz zəbt etmiş sürücülərə qarşı tədbirlərin görüldüyünü bildirdi.
Vaqif Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə kimi, Bakı şəhərində keçirilən reydlər zamanı, minə yaxın sürücü aşkarlanıb məsuliyyətə cəlb edilib: “Məlumat üçün deyirəm ki, avtobus duracaqlarının qeyri-qanuni olaraq zəbt edilməsinə görə, həmin sürücüləri 40 manat cərimə edirlər”.
Vaqif Əsədov, dayanmağa yerin olmadığını bildirən sürücülərə onu da bildirdi ki, paytaxdın inzibati ərazisinə düşən 70-dən artıq küçə və prospektlərində 200 yaxın parkomatlar quraşdırılıb. Onlar bu vasitələrdən istifadə edərək, yol kənarlarında nəqliyyat vasitələrini saxlaya bilərlər. Amma dayanacaqları qanunsüz zəbt etmiş sürücülərə qarşı sərt tədbirlər görüləcək.
Sonda Vaqif Əsədov dərs ilinin başlanması ilə əlaqədar olaraq yollarda sıxlığın yaşanmaması üçün sürücü və piyadalara təmkinli olmağı və qanuna riyaət etməyi məsləhət gördü.

Mənbə: ANS PRESS

12 sentyabr 2014
GO BACK