Ölkədə İslam bankçılığının inkişafı istiqamətində ciddi addımların atılması gözlənilir. Beynəlxalq Bankın İslam bankçılığının inkişafı ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinə müraciətinə müsbət cavab verilib. Bununla bağlı Mərkəzi Bank, Maliyyə, eləcə də Sənaye və İqtisadiyyat Nazirliklərinə tapşırıqlar verilib.
Məsələ ilə bağlı Beynəlxalq Bankın İslam bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə ANS TV-yə müsahibə verib.
- İslam bankçılığında qanunvericiliklə bağlı ediləcək dəyişikliyin əsas mahiyyəti nədən ibarətdir?
- Mövcud olan qanunvericilik çərçivəsində bu günə qədər bizim fəaliyyətimiz bir az məhdudlaşırdı. İnanırıq ki, qanunvericilikdəki dəyişiklikdən sonra inkişaf daha tez gedəcək. Nəticədə müştərilərimizə təqdim və təklif etdiyimiz məhsulların, xidmətlərin sayı da artırılacaq. Həmin qanunvericilik çərçivəsində Beynəlxalq Bankla yanaşı digər banklar, o cümlədən də sosial sığorta şirkətləri İslam bankçılığı çərçivəsində fəaliyyət göstərə biləcəklər.
- Qanunvericilikdə mövcud olan məhdudiyyət nədən ibarət idi və bu məhdudiyyətlər ortadan qaldırıldıqdan sonra hansı səlahiyyətlər əldə edəcəksiniz?
- Əsas məhdudiyyət ondan ibarətdir ki, bank sektorunda İslam bankçılığı ilə məşğul olan banklar kommersiya fəaliyyəti ilə məşğul ola bilmirdilər. Gözləyirik ki, qanunvericilikdə olunacaq dəyişiklikdən sonra İslam bankçılığının imkanları daha da artacaq.
- Bütün bu dəyişikliklər və təkliflər nə vaxta reallaşacaq, ümumiyyətlə bu nə zaman baş verəcək?
- Artıq İslam İnkişaf Bankı ilə Beynəlxalq Bank bu sahədə işlərə başlayıb, qanunvericiliyin ilkin formasını hazırlayıb. Biz inanırıq ki, nazirliklərin, Mərkəzi Bankın köməyi ilə ilin sonuna qədər biz qanunvericiliklə bağlı layihənin Nazirlər Kabinetinə təqdim edəcəyik.
- Eyni zamanda mağazalarda alış-veriş etmək üçün İslam bankçılığı departamentinin kredit kartlarınız var. Bu kartlar digər kommersiya banklarının kartlarından nə ilə fərqlənir?
- Bu, “Mola Bax” kartıdır və ticarəti maliyələşdirmək üçün nəzərdə tutulub. Hazırda böyük bir mağazalar şəbəkəsi yaradırıq. Həmin şəbəkə daxilində bizim müştərilərimiz uzun müddət ərzində faizsiz kreditlərlə bəhrələnə biləcəklər. Məsələn, əgər bir malın qiyməti min manatdırsa, həmin qiymətə də mal alınacaq, müştəri tərəfindən isə bu məbləğ altı-yeddi, ya da 12 ay ərzində hissə-hissə ödəniləcək. Burada üstünlük ondadır ki, faiz yoxdur və kart tam İslam bankçılığın tələblərinə cavab verir.
- Nəzərə alsaq ki, bu gün əhalidə bir neçə kart var, bu kartların imanlı müştərilərdən necə əldə edə biləcəksiniz?
- Bizim fəaliyyətimizin əsas istiqaməti budur ki, həm Azərbaycan vətəndaşlarına, həm də kommersiya təşkilatlarına İslam bankçılığı barədə düzgün məlumatlar çatdıraq və həmin məlumat çatdırılandan sonra üstünlük seçimdədir, müştəri seçimdə nəyə üstünlük versə, bu rəqabətdir. Amma İslam bankçılığının fəaliyyətinə nəzər yetirsək, bugünkü gündə dövlətlər arasında beynalxalq iqtisadi krizisi nəzərə alaraq İslam bankçılığı inkişaf edir.
- Belə anlaşıldı ki, sizin bankın müştərisi olan başqa bir bankın müştərisi ola bilməz?- İslamda heç bir məhdudiyyət yoxdur. Seçim müştəridədir. Amma bizə gəlib o üstünlüyü görəndən sonra inanmıram ki, kimsə kommersiya bankına üz tutsun.
Mənbə: ANS PRESS