Yeni tədris ilinin başlanası ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin strukturları, o cümlədən də Dövlət Avtomobil Nəqliyyat Xidməti gücləndirilmiş iş rejiminə keçir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, müvafiq strukturlara göstəriş verilib ki, tədris ili başlayan gün gücləndirilmiş iş rejiində çalışacaqlar.“Həmin gün nazirliyin qaynar xətti vasitəsilə bütün şikayət və müraciətlərə aktiv şəkildə reaksiya veriləcək. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin bütün əməkdaşları yollarda avtobuslara nəzarət edəcəklər. Dövlət Avtomobil Xidmətinin rəhbəri Hüseyn Salamov da şəxsən monitorinqlərdə iştirak edəcək” , -deyə Namiq Həsənov bildirib.Nazirlik rəsmisi bildirib ki, hansısa ərazidə avtobus çatışmazsa, yaxud problem yaranarsa, həmin yerə əlavə avtobus buraxılacaq: “Əgər lazım olarsa, ehtiyat avtobuslar xəttə buraxılacaq. Həmin gün şagird və müəllimlərin təhsil müəssisəsinə getməsində heç bir problem yaranmayacaq”.Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar bu gündən oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər keçiriləcək. O cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və digər tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Mənbə: ANS PRESS