Qadin.NET / Əhali gəlirinin 70 faizini ərzağa xərcləyir

Əhali gəlirinin 70 faizini ərzağa xərcləyir

 

Azərbaycanlı istehlakçıları üçün avqust ayı, əsasən bahalaşma ilə yadda qalıb. Xüsusilə, kənd təsərrüfatı məhsullarının qiymətlərində 2 dəfəyədək artım müşahidə edildi. Bunun da əsas səbəbi Rusiyanın Qərb ölkələrindən bəzi məhsulların idxalına qadağa qoymasıdır. Yerli sahibkarların fürsətdən istifadə edərək, öz mallarını bu ölkənin bazarına çıxarması Azərbaycanda meyvə-tərəvəz məhsulları qıtlığına, nəticədə onların dəyərinin kəskin bahalaşmasına gətirib çıxarıb. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 bahalaşıb. Bahalaşan məhsullar sırasına şaftalı, gavalı və göyəm, alma, xiyar, qarpız, yonca, lobya, pomidor, buğda, ət, yun və sair məhsullar daxildir.
Yeri gəlmişkən, "Statkom"un məlumatına görə, hazırda əhalinin orta aylıq əmək haqqısı 440 manata (560 dollar) çatıb. Əlbəttə, əhalinin bu gəliri ilə qiymətləri müqayisə etdikdə Azərbaycanı bahalı ölkələrdən biri adlandırmaq olar. Gəlirləri artmayan əhalinin gündəlik istehlak xərcləri aydan-aya yüksəlir. Bunu Dövlət Statistika Komitəsinin məlumatından da görmək olur. Belə ki, əgər ötən il gəlirlərin 65 faizi ərzaq məhsullarına sərf edilirdisə, bu rəqəm artıq 70 faizə qalxıb. Bu o deməkdir ki, istehlak mallarının qiymətinin artım tempi gəlirlərin artım tempini üstələyib. İnsanlar vəsaitlərinin daha çox hissəsini ərzağa xərcləməyə məcbur olublar. Hətta qonşu ölkələrlə müqayisədə belə çox bahalı qiymət siyasəti yürüdüldüyü müşahidə edilir.
Məsələn, dövlət büdcəsi bizim büdcəmizdən 5 dəfədən çox kiçik olan Gürcüstanda ötən il üçün orta aylıq əməkhaqqı 515 dollar (898,7 lari) təşkil edib. 
Büdcəsi bizdəkindən 6 dəfə kiçik olan Ermənistanda isə orta aylıq əmək haqqı 380 dollar (156 min 300 dram) olub.
Yəni büdcələr arasındakı fərqlər "dəfələrlə" olsa da, orta aylıq əmək haqlarındakı nisbət bir neçə "faizdən" ibarətdir.
Hansı qonşu ölkədə bahalılığın olduğunu görmək üçün bəzi məhsulların müqayisəli qiymətinə nəzər salaq.

Məhsulların adı, orta qiymətlər dollarla

Azərbaycan 2013-cü il

Gürcüstan 2013 -cü il

Ermənistan 2013-cü il

Süd (3 faizli yağlı)

1.70

0.85

0.60

Çörək 500 q

0.38

0.40

0.55

12 ədəd yumurta

1.90

1.70

1.44

Düyü 1kq

1.95

1.14

2.00

Toyuq əti 1kq

4.40

4.87

4.80

Pendir 1 kq

8.17

3.90

5.64

Alma 1 kq

1.36

0.57

0.36

Kartof 1 kq

0.82

0.50

0.46

Siqaret 1 qutu

1.27

1.14

0.84

Aİ-95 benzin

0.80

1.14

1.22

İctimai nəqliyyatda gediş haqqı şəhər daxili

0.26

0.35

0.24

Taksi xidməti 1 km üçün

1.20

0.57

0.24

İnternert 6 mbitsürət

35.4

 14.20

21.7

Kommunal xidmətlər( 82 m2 əmlak üçün)

106.3

80.5

97

Mobil telefonla 1 dəqiqə danışıq

0.12

0.12

0.08


Qeyd edək ki, Azərbaycanda qiymətlərin əksəriyyətini Dövlət Statistika Komitəsinin ötən ilin tariflərinə dair hesabatından əldə etmişik. Məlumdur ki, "Statkom"un statistikası da tam reallığı əks etdirmir. Belə hallarda məhsulların dəyəri real qiymətindən dəfələrlə ucuz göstərilir. Həm də qiymətlər ümumi respublika üzrə orta göstəriciyə uyğun hesablanıb. Yəni bölgələrdəki tariflərlə Bakıdakı qiymətlər arasında kəskin fərq var. Yuxarıda təqdim etdiyimiz Gürcüstan və Ermənistana dair göstəricilər sırf Yerevan və Tiflisi əhatə edir. Əgər biz Bakıdakı qiymətlərlə müqayisə etsək, yuxarıda göstərilən qiymətlərin qonşu dövlətlərlə müqayisədə daha baha olduğunu deyə bilərik. Çünki Bakı dünyanın ən bahalı 17 şəhərləri sırasındadır.
Makroiqtisadi göstəricilərə və dövlət büdcəsinin həcminə görə Azərbaycan bu ölkələri üstələyə bilər. Amma reallıq ondan ibarətdir ki, əhalinin gəlirlərinə görə orta aylıq əmək haqları bərabər səviyyədədir. Hətta Azərbaycanda əhalinin xərcləri və gəlirləri ilə müqayisədə orta aylıq məvacib dəfələrlə aşağıdır.
Məsələn, 2014-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri - Gürcüstanda 3,44 milyard və 3,49 milyard manat, Azərbaycanda isə 18,3 milyard və 20 milyard manat təşkil edib. Burada Azərbaycan Dövlət Neft Fondundan 9,3 milyard manat transferti çıxsaq, büdcəmizin gəliri 9 milyard manat qalır. Deməli, Gürcüstan büdcəsindən cəmi 2,6 dəfə böyükdür. Bundan əlavə, büdcəyə daxilolmalarında Gürcüstanda vergilərdən 3,24 milyard manat gözlənilir. Azərbaycanda isə Vergilər Nazirliyinin xətti ilə 7.1 milyard manat, Dövlət Gömrük Komitəsi üzrə isə 1,5 milyard manat daxil olması proqnozlaşdırılır.
Nəzərə almaq lazımdır ki, ölkədə vergi daxilolmalarında neft sektorunun payı çox yüksəkdir. Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan 4,6 milyard manat daxil ola bilər. Beləliklə, əhalisi iki dəfə Azərbaycandan az olan Gürcüstanda vergi yığımının daha yüksək səviyyədə olduğu aydın görünür. Büdcədə vergi daxilolmalarının səviyyəsi həmin ölkənin əhalisinin işsizlik səviyyəsindən və gəlirlərindən xəbər verir. Neftdən daxil olan vəsait büdcəmizi qonşu dövlətlərlə müqayisədə "şişirtsə" də, əhalinin yaşam səviyyəsi bərabər olaraq qalır.

Mənbə:Milli.Az
11 sentyabr 2014
GO BACK