Son bir neçə gündür ki, paytaxt Bakıda üzərində toz-duman müşahidə edilir. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin məlumatında da son illər paytaxtda xəstələnmələr sırasında birinci yerin tənəffüs yolu orqanlarının xəstəliklərinin tutduğu qeyd olunur. Bu, həm də ağciyər xərçəngi riskini artırır.
Maraqlıdır, Bakının baş üzərində olan bu tüstü-dumanın əsl səbəbi nədir?
Ekoloq Telman Zeynalov toz-dumanın tikililərlə bağlı olduğunu dedi: “Qobustan tərəfdə bu və digər regionlarda çoxlu sayda obyektlər tikilir. Bir az külək olan kimi bu tikililərin tozu havaya qalxır. Həmçinin son dövrlərdə şimal, şimal-şərq küləkləri əsirdi. Şimal-şərq küləyi də Türkmənistanda olan tozu Azərbaycana gətirir. Bakıya boş yerə küləklər şəhəri deməyiblər. Son 20-25 ildə küləklər zəif idi. Ancaq hazırda o əvvəlki güclü küləklər yenidən başlayıb”.
Onu da qeyd edək ki, bir neçə ay bundan əvvəl akademik Nizami Süleymanov Bakıda atmosferə saatda 3 min ton, dəqiqədə 50 ton zəhərli tullantı atıldığı ilə bağlı həyəcan təbili çalmışdı. Ölkənin ekoloji durumunun fəlakətli həddə olduğunu qeyd edən N.Süleymanov təkcə Bakının havasının çirklənməsinin 75 faizi avtomobillərin payına düşdüyünü bildirmişdi: “Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 1 milyon 245 min avtomobil var. Bunun da 70-75 faizi Bakı şəhərindədir. Onların isə atmosferə atdığı və insan orqanizmi üçün olduqca təhlükəli olan zəhərli qazların miqdarı ən azı 25-26 milyon ton təşkil edir”.
Paytaxtda vəziyyətin daha dəhşətli olduğunu vurğulayan N. Süleymanovun sözlərinə görə, hər il təkcə Bakıya avtomobillərdən 25-26 milyon ton zəhərli qaz atılır: “Bu, hər ay azı 2 milyon ton, hər gün isə 70 min ton zəhər deməkdir. Bu hesabla məlum olur ki, atmosferə saatda təqribən 3 min ton, dəqiqə isə 50 ton zəhərli tullantı atılır. Bu, çox dəhşətli göstəricidir”.
Alimin sözlərinə görə, xüsusilə tıxacların olduğu ərazilərdə yaşayan insanlar xərçəng xəstəliyinə potensial namizədlərdir: “Əgər bir şəhərə dəqiqədə 50 ton zəhər havaya buraxılırsa, orda necə yaşamaq olar? Belə davam etsə, Bakı şəhəri ekoloji vəziyyəti fəlakətli olan Tehran və digər şəhərləri keçəcək. Amma mən və mənim alim həmkarlarım Bakını çirkli havası olan şəhərlərlə yox, Avropanın təmiz şəhərləri ilə müqayisə etmək istərdik. Müqayisə üçün deyim ki, bir çox ölkələrdə, o cümlədən bütün Avropada avtomobillərin ətrafa atdığı zərərli qazların mütəmadi olaraq miqdarı yoxlanılır”.
N.Süleymanov hökumətə təkliflərini də irəli sürmüşdü. O, təklifində ildə bir dəfə “ekologiya ayı” keçirməkdənsə, hər saat ekologiyaya nəzarət edən bir qurum yaratmaq lazım olduğunu və belə bir elmi mərkəzə böyük ehtiyac duyulduğunu vurğulasa da, bu günə kimi onun təklifinə məhəl qoyan olmayıb.