Oxucu Milli.Az-a yazır ki, iki gün əvvəl Bakı şəhərini tıxac alovu bürümüşdü. Amma yollarda quraşdırılan və funksiyası insanları tıxaclar barədə xəbərdar etmək olan məlumat lövhələri nədənsə işləmirdi. Koroğlu Rəhimov küçəsi, Fəhlə prospektində və bir sıra başqa yerlərdə olan lövhələr yolun açıq olmasını göstərsə də, həmin istiqamətlərdə dəhşətli tıxaclar var idi.
“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) onda nə işə baxır? Problem təkcə lövhələrdə deyil, işıqforlar da düzgün işlədilmir. Sənə 50 saniyə qırmızı işıq yanır, baxırsan, yaşıl işıq yanan yoldan 50 saniyə ərzində 3 maşın keçir bəzən, digər yolda isə artıq xeyli maşın yığılıb və arxada bu yola birləşən yol da bağlanıb. İşıqforun rəngini niyə dəyişmirlər? Axı onların funksiyalarından biri işıqforlara nəzarətdir. Həsən Əliyev küçəsində isə işıqforlar çox absurd rejimdə işləyir. İstəsən də, istəməsən də hər işıqforda "qırmızı"ya düşürsən. Bunu etmək olmazmı ki, 5 saniyədən bir işıqlar yaşıla keçsin, bir koridor yaransın və avtomobillərin maneəsiz hərəkəti təmin olunsun? Çoxmu çətindir belə etmək? Yoxsa orada hər gün sıxlıq olur, nəzərə alsaq ki, məktəblər hələ açılmayıb. Görün 10 gündən sonra orada və digər yollarımızda necə xaos yaşanacaq.
Yolların kənarında saxlayan avtomobillər isə yolları daha bərbad vəziyyətə salır. Saxlayanların çoxu isə taksi sürücüləri olur. Kənarda saxlamağa yer var ikən, düz yolun kənarında durur. Ya da market və butik kənarında saxlayanlar. Həsən Əliyev küçəsində olan ASAN Xidmətin qarşısı isə ümumiyyətlə dəhşət olur. Demək olar ki, yolun bütün zolaqlarında maşınlar dayanır və yol bağlanır. Buna bir çarə heçmi yoxdur?” - deyə oxucu şikayətlənir.
Oxucu yolda onu tıxaca salan məlumat tablosunun işləmə vəziyyətinin fotosunu da çəkərək məktubuna əlavə edib.
NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a açıqlamasında bildirdi ki, “işıqforlara nəzarət yoxdur” kimi fikirlər qətiyyət düzgün deyil. Onun sözlərinə görə, NİİM-in birbaşa işıqforlara nəzarətindən sonra tıxaclar minimuma endirilib və bu işlər davam etdirilir. Hansısa yolda işıqforun işıqlarından biri çox yanırsa, bu tıxacın qarşısının alınması üçün nəzərdə tutulub. İntellektual idarə olunan bir qurum mənasız yerə işıqforun işıqlarının yanma müddətini səhv nizamlamaz.
Ş.Mehmanqızı qeyd etdi ki, nəqliyyat sisitemində yollardakı vəziyyət hər an dəyişə bilər. Yollarda daimi hərəkət var. Məlumat lövhəsi yolun açıq olduğunu göstərirsə, bir dəqiqə sonra orada tıxac ola bilər. Əgər hansısa sürücü lövhədə yaşıl görüb həmin küçədə tıxaca düşürsə, bu o demək deyil ki, NİİM düzgün işləmir. Məlumat lövhəsi hal-hazırda olan vəziyyəti göstərir. Yollardakı vəziyyət isə hər saniyə dəyişir.