Qadin.NET / Yas düzəldi, bəs toy?

Yas düzəldi, bəs toy?

 

Yas düzəldi, bəs toy?

"İki gündür bir neçə hüzr yerində oldum. Hüzr yeri ona görə deyirəm ki, bizdə işlənən "Xeyir-Şər" ifadəsinin şər hissəsini yasa aid etmək doğru deyil. İnsan ölümü Şər deyə xarakterizə oluna bilməz, səbəbsiz yerə ölüm Haqqdır demirlər ki... Son illərdə ən çox məmnun qaldığım mənzərənin şahidi oldum. Açığı illərdir bu mövzuda danışmaqdan da yorulmuşduq ki, təkrar-təkrar israfçılığın qarşısının alınmasını vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya ki, illər boyu həlli təxirə salınan bu problemi yarı inzibati üsullarla da olsa çözməyə başladı. Tam qətiyyətlə deyirəm, ağlı başında olan hər bir Azərbaycan vətəndaşı üzdə də, içində də bu addıma sevinir". 
ANS PRESS-in məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədəki öz səhifəsində yazıb. O, qeyd edib ki, yas sahiblərinin işi artıq xeyli yüngülləşib: 
"Artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çox vaxt ayıra biləcəklər. Hələ qəbir yerlərinin ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbirstanlıqlar movzoleyden çox səliqəli ziyarət məkanlarına çevrilsə bu faydalı iş daha çox rəğbətlə qarşılanar. Narazı qalanlar da təbii ki, olacaq. Çadır mafiyası, Qəbirstanlıq mafiyası, bəzi geriçi mollalar vs. Əsas vətəndaşın razı qalmasıdır. İndi sıra gəlir Toy və Şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə". 
Daha sonra deputat qeyd edib ki, toy və şadlıq evi məsələləri ilə birbaşa Mədəniyyət Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır:
"Niyə? Çünki bu günki toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ edir. Bəlkə də Qobustanda qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən, şənlənməkdən utanardılar. Məcburi insanlara menyu adı ilə on-on iki növ yeməyi zibil kimi yedirdilər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən. Bir dəfə xatırlayıram, etoy sahibi təkid etmişdi ki, stollara Viski qoymayın, Şadlıq evi sahibi bildirmişdi ki, menyudan bunu çıxa bilmərəm. Məclisin gedişində toy sahibi viskiləri yığıb evə göndərmək istəyəndə, icazə verilməmişdi ki, ancaq burada içə bilərsiniz. O zaman toy sahibi hər stola yaxınlaşıb qonaqlara içdi-içmədi ucdantutma viski süzəndə Şadlıq evinin sahibi yaxınlaşıb bildirmişdi ki, xahiş edirən ikisini götür apar, amma məni ziyana salma. 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən Şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən tez toyu tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla Şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyur Mədəniyyət Naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu Menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamının toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanla sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik, həqiqətən də yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır".

Mənbə: ANS PRESS

 

8 sentyabr 2014
GO BACK