Qadin.NET / Cəfa, yoxsa şəfa turizmi!

Cəfa, yoxsa şəfa turizmi!

 

Səhiyyə turizmi - vətəndaşların müalicə almaq məqsədi ilə ölkə xaricinə üz tutaraq buradakı tibbi xidmətdən yararlanmağa yönəlmiş turizm növüdür. İnsanların xəstəliyin müalicəsi üçün ölkə xaricinə çıxması bir neçə səbəbə bağlıdır. Ölkədə tibbin yetərli inkişaf etməməsi, mütəxəssis, həkimlərin yoxluğu və onlara qarşı inamsızlıq, tibbi avadanlıqların və ya xəstəliyin müalicəsinin olmaması, müayinə, müalicə, dərman preparatlarının bahalılığı və s. Həmçinin xarici ölkələrdə ucuz və yüksək səviyyədə tibbi xidmət vətəndaşların xaricə axınının əsas səbəblərindəndir. 

Səhiyyə turuzmində sıçrayış
İqtisadçı ekspert Famil Səfərov Milli.Az-a açıqlamasında turizm fəaliyyətinin bir növü olan səhiyyə turizminin son 30 ildə yeni inkişaf dövrünə qədəm qoyduğunu və hər il bu xidmətdən yararlanaların sayının artdığını deyir: “Zaman keçdikcə və səhiyyədə inkişaf davam etdikcə insanların ucuz tibbi xidmətdən yararlanmaq üçün xarici ölkələrə miqrasiyası da artmaqdadır. Müasir səhiyyə turizminin inkişafının əsas səbəbi müxtəlif ölkələrdə tibbi xidmətin durmadan bahalaşmasıdır. Bu məqsədlə insanlar daim alternativ varianta - ucuz, keyfiyyətli tibbi xidmətin olduğu yaxın ölkələrə üz tuturlar. Geri qalmış səhiyyə sistemi postsovet ölkələrinin əhalisinin müstəqillikdən sonra xaricə axınına rəvac yaratdı. SSRİ-nin son dərəcə köhnə tibbi avadanlıq və xidmətlərindən şəfa tapmayan MDB dövlətləri vətəndaşları çarəni inkişaf etmiş ölkələrdə axtarmağa şans qazandılar. Son dövrlər MDB məkanında onkoloji, ürək-damar, böyrək çatışmazlığı xəstəliklərinin artması bölgə əhalisini ən çox narahat edən problemlər sırasındadır. Bu bölgənin insanları isə daha çox İsrail, İran, Türkiyə və Almaniyanın səhiyyə xidmətindən yararlanmağı üstün tuturlar”. 
İstirahətə göndərən çox, müalicəyə isə yox 
Xaricdə tibbi xidmətlərdən yararlanmağa son dövrlər daha meylli olan və bu sahədə ciddi artım müşahidə olunan Azərbaycanda turizm inkişaf etsə də, səhiyyə turizmindən istifadə edənlər çoxluq təşkil etmir. Bununla bağlı Bakıda yerləşən turizm şirkətlərinin birinin rəhbəri Nigar Məlikova Milli.Az-a açıqlamasında çalışdığı turizm agentliyinin 8 ildir ki, fəaliyyət göstərdiyini və məqsədlərinin əhaliyə xidmət olduğunu bildirib: “Azərbaycanda səhiyyə turizmi sektorunda ciddi boşluq var. Ölkədə turizm agentlikləri çox olsa da, sırf bu sahə ilə məşğul olanların sayı azdır və ya bu işə ciddi yanaşan firmalar azdır. Şirkətimiz yarandığı gündən əsas məqsədimiz insanları keyfiyyətli və sərfəli tibbi xidmətin mövcud olduğu ölkələrə yönəltməkdir. Bunun üçün bizim bu ölkələrdəki klinikalarla sıx əməkdaşlığımız mövcuddur. Qeyd edim ki, Azərbaycanda ən çox xəstələr Türkiyə, Almaniya və İsveçrəyə getməyi üstün tuturlar. Türkiyəni seçənlər daha çox dilimizin oxşarlığını, tibbin bu ölkədə inkişafını və keyfiyyətini nəzərə alanlardır. Almaniya Avropa ölkələri arasında tibb sahəsində ən çox inkişaf etmiş dövlət sayılır. İsveçrəyə isə daha çox plastik cərrahiyədən yararlanmaq üçün gedənlər çoxluq təşkil edir. Bizə müraciət edən hər bir müştəri ilə fərdi söhbət aparılır. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi və hansı ölkəyə getmək istədiyi öyrənilir.
Bizim mütəxəssislər isə müştərinin hansı klinikada müalicə ala biləcəyi ilə bağlı bir neçə variant təklif edir. Bir çox hallarda müştərinin müayinə sənədlərinin bizə daha çox köməyi dəyir. Bu vasitə ilə biz istənilən xarici klinikaya bu sənədləri göndərərək vacib məlumat əldə edə bilirik. Əgər həmin klinikada bu xəstəlik müalicə edilirsə, pasientə harada və hansı həkim tərəfindən xidmət göstəriləcəyi və bunun neçəyə başa gələcəyi söylənilir. Razılıq olduğu təqdirdə xəstəmiz həmin klinikaya göndərilir. Viza probleminin həlli, təyyarə bileti və həmin ölkədə məskunlaşma xidmətimizə daxildir. Qiymətlərə gəlincə, əlbəttə, tibbi xidmətin növünə görə Türkiyə və İsraildə daha ucuz başa gəlir. Məsələn, gözdə katarakta əməliyyatı 700-1000 avroya, ürəkdə koronar şuntlama 20-30 min avroya başa gəlir. Avropada isə daha müasir texnologiyalarla tibbi xidmətlər təklif olunur ki, bu da bahalı olması ilə seçilir. Əsasən, ciddi xəstəliklər sahəsində ixtisaslaşmış olan belə klinikalarda onkoloji xəstəliklər müasir metodlarla müalicə edilir. Almaniyada xərçəng xəstəliyinin müalicəsi zamanı insanın bədən temperaturu süni olaraq 44-45 dərəcəyə qədər çatdırılır ki, bu yolla da xərçəng hüceyrələrinin məhv edilməsinə nail olunur. Bu metod xəstəliyin ilk mərhələsində 100 faiz müsbət nəticə verir. Belə proseduraların qiyməti 150 min avroya qədər yüksələ bilər. Sonda qeyd edim ki, məlumatlı olmadan xarici ölkələrə tibbi yardım almağa getmək bir çox hallarda zərərlə nəticələnir. İstər Avropa ölkələri olsun, istərsə də qonşu ölkələrdə müalicəyə getməzdən öncə xəstəxanaların adlı-sanlı olmasına deyil orada işləyən həkimin necə mütəxəssis olmasını bilmək lazımdır. Bunun üçün də bu işlə məşğul olan peşəkar mütəxəssislər sizə yardım edə bilərlər. 
Statistika 
Dünya ölkələri sırasında ən çox səhiyyə turizmindən Amerika əhalisi istifadə edir. Burada səhiyyə inkişaf etsə də, qiymətlərin yüksək olmasına görə vətəndaşlar daha çox şərq ölkələrinə - Sinqapur və Taylanda üz tutur. İldə təxminən 2 milyon Amerika vətəndaşı ölkə xaricində müalicə alır. Beynəlxalq Səhiyyə Turizm Konqresinin (GWTC) yaydığı məlumata görə, son illərdə səhiyyə turizminin sürətli inkişafı nəzərə çarpacaq dərəcədə artıb. Belə ki, 2004-cü ildə bu sahədə gəlirin miqdarı 40 milyard dollar təşkil edib. 2012-ci ildə ümumilikdə turuzimdə əldə olunan vəsaitin 14 faizini təşkil edən səhiyyə turuzmində gəlirin miqdarı 3,2 trilyon dollara çtıb. Mütəxəssislərin fikrincə, belə inkişaf tempi davam etsə, 2017-ci ilə qədər bu sahədən əldə olunan gəlir 678 triliyonu keçəcək. Hazırkı dövrdə səhiyyə turuzmində, əsasən, 10 dövlət liderlik edir: Hindistan, Macarıstan, Meksika, Sinqapur, Tayland, ada dövləti olan Barbados, Braziliya, İsrail, Cənubi Koreya və Türkiyə. 
Rəsmi 
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən bildirdilər ki, onlar əhalinin xarici ölkələrə bu məqsədlə getmələrində maraqlı deyillər və bunun əksinə olaraq daha çox ölkəyə turist cəlb etmək üçün iş aparırlar. Nazirliyin əməkdaşının söylədiyinə görə, səhiyyə turizmi ilə özəl şirkətlər məşğul olur: “Biz istər ölkə daxilində, istərsə də ölkə xaricində ölkəyə turist cəlb etmək üçün müxtəlif sərgilər təşkil edirik. Azərbaycanda Naftalan, İstisu kimi müalicəvi əhəmiyyətli gözəl istirahət zonaları var və belə yerlərin müntəzəm təbliğatı aparılır. Ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2010-2014-cü illər turizmin inkişafina dair dövlət proqramı təsdiq edilib. Proqramda, həmçinin ölkədə müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin tikintisinin planlarının hazırlanması da nəzərdə tutulmuşdu. Artıq bu işlərin böyük hissəsi görülüb və yeni lahiyələrin də həyata keçirilməsi planlaşdırılır. Görülən işlər nəticəsində ölkəyə turist axını ildən-ilə artır və bu yöndə çalışmalar davam etdirilir.
Mənbə: Milli.Az

 

8 sentyabr 2014
GO BACK