ASAN Xidmətdə yeni ödəniş sistemi olan “ASAN Pay” işə düşəcək.
ANS TV-nin məlumatına görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri ilk dəfə bu yeniliyin təfərrüatlarını açıqlayıb.
Dövlət başçısının imzaladığı fərmana uyğun olaraq “ASAN ödəniş” sisteminin yaradılması bu ilin sonunda başa çatacaq. Buna qədər isə pilot layihə çərçivəsində sistemin sınağı həyata keçiriləcək. Hazırda layihə üzərində bir neçə dövlət qurumu birgə işləyir.
Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov bildirib ki, “ASAN ödəniş” o deməkdir ki, bütün dövlət orqanları tərəfindən yazılan cərimələr bir sistemdə toplanacaq.
“Bu elektron bir sistemdir. “ASAN ödəniş” sistemi vasitəsilə bu cərimələr barədə vətəndaşların mobil nömrələrinə, onların emaillərinə məlumat göndəriləcək. “Asan ödəniş” portalı yaradılacaq ki, orda şəxsi kabinet olacaq. Şəxsi kabinetdə vətəndaş köhnə cərimələri barədə məlumat ala biləcək”, - deyə şöbə müdiri izah edib.
Ödənişləri həyata keçirmək üçün isə “ASAN ödəniş” terminalları olacaq. Bu terminallar digərlərindən fərqlənəcək. Belə ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu nəzərdə tutur.
Bu terminallar əhalinin sıx olduğu yerlərdə, dayanacaqlarda, ticarət mərkəzlərində quraşdırılacaq.
Fərmanda qeyd olunur ki, yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı cərimələrin mobil telefon vasitəsilə ödənməsi mümkün olacaq.