Qadin.NET / Bakı yol polisindən yeni dərs ili xəbərdarlığı

Bakı yol polisindən yeni dərs ili xəbərdarlığı

 

Bakı yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar təhlükəsizliyin təmini məqsədilə tədbirlər planı hazırlayıb

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
V.Əsədov deyib ki, yeni dərs ilində yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.
Bölmə rəisinin sözlərinə görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək: "Xüsusilə də məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı ciddi tədbirlər görüləcək".
Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü sürücülərə və avtomobil sahiblərinə müraciət ünvanlayıb: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbini yerinə yetirməyi tövsiyə edir. Sürücülər parkomatlardan istifadə etsinlər. Məktəblərin ətrafında dayandırılmış nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır".
Bölmə rəisi onu da əlavə edib ki, Bilik Gününədək ətrafında piyada keçidi olmayan məktəblərin qarşısında şagirdlərin yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolağı çəkiləcək: "Artıq həmin məktəblərin siyahısı müəyyənləşdirilib və müvafiq qurumlara müraciət göndərilib".
Qeyd edək ki, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayacaq.

Mənbə: Milli.Az

 

6 sentyabr 2014
GO BACK