Qadin.NET / Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır

Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır

 

Kənd təsərrüfatı məhsulları builki qədər baha olmayıb, alan da, satan da narazıdır

Satıcılar Rusiya və quraqlıqdan şikayətlidirlər, KTN isə hər şeyin keçən ilki kimi olduğunu iddia edir.Həftəsonu kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı paytaxtın ən iri yarmarkalarından olan Ukrayna dairəsi və 8-ci kilometr bazarında müşahidə aparıb reportaj yazmışdıq. Məlum olmuşdu ki, son 10 gündə kəskin qiymət artımı baş verib. Hətta bəzi kənd təsəsrrüfatı məhsullarının qiymətində 80-100 faizlik bahalaşma var. Sonradan Kənd Təsərrüfatı Nazirliyindən məsələyə münasibət bildirildi. Nazirliyin Rusiya bazarına ixracın artırılmasına görə bəzi məhsulların bahalaşması məsələsinə dair açıqlamasında deyilir: "Son günlər bəzi kütləvi informasiya vasitələrində ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı əsassız informasiyalar yayılır". "Əsassız informasiyalar yayılır" ifadəsi şəxsən mənim yazdıqlarıma aid deyil. Çünki qələmimdən çıxan hər cümlə fakta söykənirdi. Qiymət artımını psixoloji amillərlə bağlayan nazirlik ekspertləri keçən ilin cari dövrü ilə qiymət müqayisəsi apardığını, ötən ilə nisbətən hazırda qiymətlərin ucuz olduğunu bildiriblər: "Aparılan təhlillər göstərir ki, artıq cari ilin avqust ayının sonunda qiymətlərin formalaşmış yeni səviyyəsi, demək olar ki, ötən ilin müvafiq dövrü ilə eynidir, hətta kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm kimi məhsullar üzrə daha aşağı səviyyədədir. Burada yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti bu və ya digər səviyyədə istisnalıq təşkil edir, yəni ki, ötən ilin müvafiq dövrünə nisbətən yuxarıdır". 
Yaxşı meyvə-tərəvəzin qiyməti 2 manatdan başlayır 
Mənim ekspertlərim nazirlikdən fərqli kabinetdə oturub təhlil aparmır, kənd təsərrüfatı məhsullarının satıcısı və alıcılarıdır, yəni sırf bu işin içində olanlar. Bir də ki, rəflərdə gördüyüm qiymətlər. Meyvə-tərəvəz dükanının sahibi Nərimana nazirliyin açıqlaması barədə danışdım, onun bu məsələyə münasibət bildirməsini istədim. Kiçik sahibkar yuxarıda adıçəkilən məhsulların bahalaşmadığı barədə iddiaya sərt cavab verdi: "Yalan deyirlər. Biz neçə ildir kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuluq, meyvə-tərəvəzin qiyməti hələ builki qədər baha olmamışdı. Bu il rekord həddə çatıb. Qəfil qiymət artımı son 1 həftə, 10 gündə baş verib".
Nəriman deyir ki, ən çox bahalaşan məhsullardan biri kartofdur: "Qış aylarında kartofu mən 80 qəpikdən baha satmamışam. O qiymətə satanda adam utanırdı ki, bahadır. Keçən il bu vaxt 30-40 qəpik idi. İndi ortabab kartof 80 qəpikdir. Bahalısını gətirmirəm, ərazidə yaşayan əhalinin büdcəsinə uyğun ən ucuzunu alıram. Soğan 40 qəpik, pomidor, xiyar, alma 1 manat, üzümün ən zayı 1 manat 20 qəpikdən başlayır, 1 manat 70 qəpiyə qədərdir. Lakin ən bahalısı belə keyfiyyətli deyil. Yaxşı üzümün qiyməti 2 manatdır. Şaftalı 1 manat 70 qəpik, armud 1 manat 50 qəpik. Şaftalının yeşiyi yerində 14 manatdır, kilosu 1 manat 30 qəpikdən düşür. Halbuki, həmin yeşiyi bir neçə gün əvvəl 8 manata alırdıq. Gavalının kilosunu 70 qəpiyə alırdıq, indi 1 manat 10 qəpikdən elə topdansatış qiymətidir. Gavalı keçən il 80 qəpikdən baha olmadı. Şaftalı da 60-70 qəpik idi. Meyvənin mövsümü bitəndə oktyabr ayında maksimum 1 manat 20, 1 manat 40 qəpikdi, ondan o yana keçməmişdi. Hətta yerli meyvə qurtaranda Gürcüstanınkı da 1 manat 50 qəpikdən baha olmamışdı. İndi bazarda yaxşı şaftalı 2 manatdan ucuz deyil. Keçən il bu vaxtlar xiyar 60, pomidor ən baha 70 qəpik idi. Oktyabr ayında bir qədər bahalanmışdı. Lobyanı bu gün 2 manata almışam, öz mayasına verərəm, elə-belə dükanda olsun deyə gətirmişəm. Hazırda lobya olmadığı üçün belə bahadır, payız lobyası çıxanda qiymət bir az düşəcək. Rusiyaya bazar açılandan, bizim məhsullar qonşu ölkəyə ixrac olunandan hər şeyin qiyməti qalxdı. Keçən il Rusiyanın yolu bağlıydı, çox ucuzluq idi, biz də yaxşı işləyirdik. İndi işimiz çöküb".
Nazirliyin "ucuzlar siyahısı"na gündəlik yeyilməyən məhsullar daxildir
Nazirliyin mətbuat xidmətinin açıqlamasında belə bir məqam var: "Hələ mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı idi. Ötən ilin iyul ayına nisbətən cari ilin iyul ayında kələmin qiyməti 25%, soğanın qiyməti 21%, sarımsağın qiyməti 15%, xiyarın qiyməti 13%, almanın qiyməti 21%, çiyələyin qiyməti 12%, alçanın qiyməti 10% aşağı idi və s. Ümumilikdə isə meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni ki, fermerlərin sahədən satış qiymətləri 4-5% aşağı idi". Bağışlayın, sarımsaq, çiyələk, alça nə vaxtdan "əsas meyvə-tərəvəz məhsulları" sayılıb? Bəs siz niyə bizim camaatın daha çox yediyi kartofdan danışmırsız? Pomidorun qiyməti ceyranın belindədir, xəbəriniz varmı? Xiyar heç də ucuzlaşmayıb, bu il yüksək qiymətlə satılıb. Bunlar gündəlik yeyilən məhsullardır, hansı ki, sizin "ucuzlar" siyahınızda adları çəkilmir. "Kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm kimi məhsullar üzrə daha aşağı səviyyədədir" demisiz, amma təəssüf ki, bunu da doğru qeyd etməmisiz. Adını çəkdiklərinizdən yalnız soğan və badımcan nisbətən əlçatandır. Digərlərinin qiymətini yuxarıda satıcının dilindən ərz elədim. 
Nəriman qəfil bahalaşmanı təkcə Rusiya qapılarının üzümüzə açılması ilə izah etmir, eyni zamanda bölgələrdə olan quraqlıqla da əlaqələndirir: "İsmayıllı və Göyçaya getmişdik, əkilən məhsullar quruyub. Nə su var, nə də yağış yağır ki, məhsul yanmasın. Nar ağacda susuzluqdan çürüyür, su yoxdur ki, sulayaq. 6 aydır yağış yağmır. Yenə Kür çayının keçdiyi zonalarda su götürə bilirlər, amma aran rayonları Göyçay, Ağdaş, İsmayıllının dağ yerləri istisna olmaqla bəzi kəndləri susuzluqdan əziyyət çəkir. İsmayıllıda xeyli çay var, hamısı quruyub, bir tək Apok çayının suyu azacıq gəlir. Məhsulu bir kənara qoyun, camaat susuzluqdan qırılır. Gecə saat 2-də növbəyə dururlar ki, içməyə su götürsünlər. İndi məhsulun dərdini çəkən yoxdur. Qayınanamgil bostan məhsulları əkmişdilər, baxdım ki, tağ ölüb, yarpaqlar böyüsə də, məhsul yanıb". 
Kənd Təsərrüfatı Nazirliyi quraqlıq barədə niyə susur? 
Nazirliyin açıqlamasında deyilirdi ki, "daha çox subyektiv mülahizələrə əsaslanan bu tip informasiyaların yerinə, sistemli şəkildə aparılan peşəkar təhlillər, əslində vəziyyətin fərqli olduğunu göstərir". Əslində burada daha subyektiv olan nazirliyin açıqlamasıdır. Bizim yazdığımız faktdır və birbaşa bazarda satışla məşğul olanların şərhi və eyni zamanda gördüyümüz mənzərədir. Subyektiv o zaman olardı ki, mən oturub qiymət artımına bir qeyri-peşəkar şərh yazardım. Bazardakı qiymət artımının peşəkar təhlilə ehtiyacı yoxdur, kor-kor, gör-gördür. Bəs nə yaxşı nazirliyin ekspertlərinin təhlilində quraqlıq amili yer almayıb? Axı bahalaşmanın səbəblərindən biri də budur. Kabinetdə oturub təhlil edənin sözünə mən inanmalıyam, yoxsa məhsulu yerində becərən, ya da onu alıb gətirənə? Mən hələ paytaxtın ən yoxsul rayonu və məhəlləarası dükandakı qiymətləri yazıram. Daha da "bahalaşdırmamaq" üçün paytaxtın bahalı bazarlarındakı qiymətləri sadalamıram. 
Yenə nazirliyin açıqlamasına bir istinad: "Monitorinqlər göstərir ki, Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, avqust ayının 28-29-dan öz təsirini itirməyə başladı. Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşdi". Xeyr, cənablar, sabitləşmədi. Əslində, pik nöqtəsinə çatdı və dayandı. Həm də daha bu qiymətlərdən o tərəfi olmadığı üçün. Məhsul satılırsa, onun alıcısı olmalıdır. Keçən yazımda ərz eləmişdim ki, camaatın artıq yarmarkalara marağı azalıb və gələnlər də əvvəlki kimi zənbillərini doldurub getmirlər. Əllərində olan pulları çox az məhsul almağa çatır. Təqaüdçü Fərrux dayının da bazardan gücü sadəcə alma, xiyar və limon almağa bəs eləmişdi. Demək olar ki, hər məhsulun yaxşısı 2 manat, 2 manat 50 qəpikdən başlayır. 1 manata qədər olan məhsulların isə keyfiyyəti aşağıdır, əzik-üzük, dadsızdır. Əgər bahalaşma psixoloji təsir idisə elə avqustun ilk ongünlüyündə kəskin qiymət artımı baş verərdi. Çünki Rusiyanın bəyanatı o vaxtdan ortaya çıxmışdı. Bahalaşmanın məhz avqustun axırında pik nöqtəsinə çatması obyektiv səbəb idi - bir tərəfdən məhsul yuxarı qiymətə alınıb qonşu ölkəyə aparılır, digər tərəfdən quraqlıq olan-qalan məhsulu yandırır. Əgər qələmə verildiyi kimi, qiymətlərin yüksək təzyiqlə artması psixoloji faktorla əlaqəlidirsə və KİV nümayəndələrinin yazdığında subyektivlik varsa, o halda qiymətlər niyə enmədi, niyə onu polis gücünə aşağı endirməyə çalışıldı və son nəticədə də heç nəyə nail olunmadı? Yuxarıda müsahibim Nəriman da dedi ki, məhsulları builki qədər heç vaxt baha satmayıb. 
"Alverçi faktoru" da bahalaşmaya səbəbdir 
"Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edirdi. Yeri gəlmişkən, KİV-də səsləndirilən və daha çox subyektiv mülahizələrə əsaslanan informasiyalar da bu psixoloji təsirin artmasında əsaslı rola malik oldu. Lakin əslində cari ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10% təşkil edib, ötən ilə nəzərən artım isə 20,5% olub. Yəni "ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının hamısı götürülüb Rusiya bazarına aparıldı" kimi ajiotajın əsası yoxdur". Bəyanatda əvvəldən axıra KİV günahlandırılır, sanki meyvə-tərəvəzi də Rusiyaya KİV göndərir, qiyməti də biz artırırıq. Biz qiyməti artırmışıqsa, onda siz aşağı endirin, axı bazar sizin əlinizdədir. 
Nazirlik öz mövqe açıqlamasında vurğulayır ki, "cari mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz vəziyyətdə idi. Deməli, bütün hallarda qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac var idi". Belə çıxır ki, qiymətartırma tədbirlərini elə nazirlik özü düşünüb. Bir də kim deyir ki, hazırkı durum hər iki tərəf üçün optimaldır? Hər həftəsonu istehsalçıların da məhsullarının bir qismi yararsız vəziyyətə düşür. "İstehsalçının satdığı" demirəm, çünki, mən bazarda öz məhsulunu satan kəndliyə rast gəlməmişəm. Nazirliyin keçirdiyi yarmarkanın alverçilərin "nəzarətində" olduğunu artıq yazmışam. Bu açıqlamasında ekspertlər bahalaşmanın səbəblərindən biri kimi nədənsə "alverçi faktoru"nun üstündən sükutla keçib. Halbuki, yazmışdıq ki, yarmarkada çoxluq elə başqa bazarlardan gələnlərdir. Onların böyük əksəriyyəti məhsulları 8-ci kilometr bazarındakı topdansatışlardan alıb burada satırlar. Rayonlardan birbaşa gələnlər isə yenə alverçilərdir ki, onlar da məhsulu istehsalçılardan toplayırlar. Keyfiyyətli və zay məhsulların qarışdırılması da bunun sübutudur. Kəndli çeşidli subyektiv əngəllərdən öz məhsulunu bazara çıxarıb sata bilmir. 

Mənbə: Milli.Az

 

6 sentyabr 2014
GO BACK