Qadin.NET / Son zamanlar uşaq ədəbiyyatına maraq niyə azalıb?

Son zamanlar uşaq ədəbiyyatına maraq niyə azalıb?

 

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə kitablara azalan maraq - aktual məsələlər sırasındadır. Mütəxəssislər hesab edirlər ki, kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşdırılmalıdır. Çünki kitab uşağın zehni, hissi, sosial və dil baxımından inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir.
Əksər vərdişlər kimi - kitab oxumağa maraq da, uşaq yaşlarından formalaşır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu vərdişin qazanılmasında ailə və məktəbin rolu böyük olsa da, azyaşlıların kitaba olan marağına yazılan hekayə və nağılların məzmunu, dil sadəliyi və ən əsası kitabların tərtibatı birbaşa təsir edir. 
Kitab oxumaq vərdişinin formalaşmasında ailənin birbaşa rolu var. Bu səbəbdən də uşaqlar kiçik vaxtlarından kitablarla tanış olmalı, müxtəlif nağıl və hekayələrin məzmununa bələd olmalıdır. Çünki kitablar onların zehni, hissi, sosial və dil inkişafinda xüsusi yer tutur.
Tərlan Babayeva
, psixoloq: "Bizim gözəl nağıllarımız, nəsr və nəzm əsərlərimiz var. Bunların uşaqların tərbiyəsində, mənəvi-psixoloji mühitin yaranmasında, həmçinin nitq qabiliyyətinin formalaşmasında, söz ehtiyatının zənginləşməsində, dünya görüşünün formalaşmasında çox böyük rolu var. Azərbaycan xalqının özünəməxsus dəyərləri var, bunlara yiyələnə bilər".

Mütəxəssislərin fikrincə, uşaqlar ibtidai sinifdən başlayaraq sərbəst şəkildə mütaliə ilə məşğul olmalı və hər uşaq yaşına, səviyyəsinə uyğun kitablar oxumalıdır. Təbii ki, texnologiyanın inkişafı son zamanlar bir-birindən maraqlı, fərqli və keyfiyyətli kiatabların çap edilərək şatışa çıxarılmasına imkan yaradır. Lakin satışda olan kitablara kifayət qədər alıcı marağı yoxdur.
Ruziyyə Əsədova, satıcı: "Əvvəlki illərlə müqayisədə bu il kitablara olan tələbat azdır. Daha çox satılan kitablar Azərbaycan dilində nəşr olunan kitablardır. Əvvəlki illərdə rus dilində kitablar daha çox satılırdı, hazırda isə Azərbaycan dilində".
Şəhərin müxtəlif kitab-satış məntəqələrində apardığımız sorğuya əsasən deyə bilərik ki, hazırda uşaq ədəbiyyatına olan maraq heç də ürəkaçan deyil. Satıcılar bildirirlər ki, valideynlər məktəbə gedən uşaqlara bədii kitab almırlar. Alınan kitabların əksəriyyəti isə az yazılı və bol şəkilli olanlardır. 

Mənbə: Milli.Az

 

6 sentyabr 2014
GO BACK