Siqaret çəkmək ağciyər xərçəngi və ürək xəstəlikləri ilə yanaşı, həmçinin göz xəstəliklərinə də səbəb olur. Siqaret çəkənlərdə büllurun bulanması, xəstəliyin ən ağır forması olan nüvə və kapsularxası katarakt riski çox yüksəkdir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yaş artdıqca siqaret çəkənlərdə kataraktın cərrahi yolla aradan qaldırılması zərurəti heç bir zaman siqaret çəkməyənlərə nisbətdə 42% artır.
İsveçli alimlər 5700 kişinin xəstəlik tarixçəsini araşdırıblar. Onların yaşı 45 ilə 79 arasındaydı. Müşahidələr göstərdi ki, siqaret nəinki katarakt riskini artırır, hətta adam siqareti atandan sonra da görmə orqanlarına pis təsir etməyə davam edir.
Odur ki, həkimlər, əvvəla, ümumiyyətlə siqaret çəkməyin əleyhinədirlər. İkincisi də, bildirirlər ki, adam bu zərərli vərdişini nə qədər tez tərgidərsə, görmə qabiliyyətinin azalması və cərrahiyyə əməliyyatının qarşısını alar. Çünki cərrahiyyə əməliyyatı belə, gənclikdəki iti görməni qaytarmır.
Kataraktdan əlavə, siqaret daha bir təhlükəli xəstəliyə - tor qişanın degenerasiyasına səbəb olur.