Daxili İşlər Nazirliyi işçi qəbulu elan edir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin sentyabr ayının 27-də Lənkəran şəhərində bölgə üzrə keçiriləcək vətəndaşların qəbulu zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciət etmiş şəxslərin Lənkəran şəhər-rayon Polis Şöbəsinin inzibati binasının həyətində düzülüşü təşkil ediləcək.
Polisdə xidmətə qəbulla əlaqədar Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinlərinin qəbulu nəzərdə tutulub. Xidmətə qəbulla əlaqədar müraciət edənlər aşağıdakı şərtlərə uyğun olmalıdırlar.
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;
- boy ölçüsü 180 sm. (qadınlar üçün 170 sm);
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stajı olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Mənbə: ANS PRESS