Bir əsrdən də artıq ömür yaşayan Tovuz sakini Məryəm Mehdiyevayaşadığı Aşırallar kəndinin ən yaşlı insanıdır. Təxminən 60 nəvə-nəticəsi olan xanımın uzunömürlü olmasının səbəblərini öyrənək.
Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, bu qadın yaşadığı kəndin ağbirçəyidir. Övladları kənd sakinlərinin onun yanına məsləhələtə gəldiyini, hətta illərlə küsülü olanları barışdırdığını deyirlər. Bir sözlə, hər kəsin sevimlisi olan Məryəm Mehdiyeva Tovuz rayon Aşırallar kəndinin ən uzunömürlü sakinidir. Düz 120 il öncə Tovuzun Alakol kəndində dünyaya göz açan Məryəm nənə 18 yaşında Aşırallar kəndinə gəlin köçüb. 5 övlad dünyaya gətirən bu ağbirçəyin hazırda nəvə-nəticələrinin sayı 60-a yaxındır.
Gümrahlığı ilə seçilən 120 yaşlı Məryəm Mehdiyeva səhhətiylə bağlı şikayətçi deyil. Hətta övladları onun ötən ilə qədər təsərrüfat işləri ilə məşğul olduğunu da deyir. Uzun illər üzüm bağlarında, pambıq tarlalarında çalışan Məryəm nənə övladlarını böyüdənədək çox çətinliklərlə üzləşib.
120 yaşlı qadının gəlinlərindən narazılığı yoxdur, elə onlar da qaynanalarından razılıq edirlər.
100 ili arxada qoyan Məryəm Mehdiyevanın uzun ömürlü olmasının sirrini araşdırmağa çalışdıq. Məlum oldu ki, Aşırallar sakininin atası, nənəsi də 100 ildən artıq ömür sürüb. Bundan belə nəticəyə gəlinir ki, elə uzun ömürlü olmaq da nəsildən-nəslə keçir.