Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində qeyd etdiyi Türkiyə-Ermənistan əlaqələrinin normallaşmayacağı fikrinə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan Milli Məclisinin sədr müavini Eduard Şarmazanov erməni-türk əlaqələrinin Qarabağ probleminin həlli ilə heç bir əlaqəsi olmadığını qeyd edib.
Bundan başqa, Şarmazanov problemin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və Ermənistanın da onların siyasətinə əsasən, münaqişənin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarı olduqlarını səsləndirib.
Görünür, Türkiyə prezidentinin Azərbaycan səfəri və xüsusilə, onun burada Dağlıq Qarabağ barəsində çıxışı Ermənistanı çox narahat edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibli görüşündə çıxışı zamanı Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söz gedə bilməyəcəyini vurğulayıb.