Qadin.NET / Ailə həkimimiz olacaq

Ailə həkimimiz olacaq

Azərbaycanda ailə həkimi metodunun tətbiqi planlaşdırılır. ANS PRESS-in Milli Məclisə istinadən verdiyi məlumata görə, Azərbaycanda "Ailə həkimi haqqında" yeni qanun layihəsi hazırlanır. Qanun layihəsində ailələlərin öz həkimlərini seçməsi ilə bağlı qaydalar öz əksini tapacaq. Burada ailələrin sayına görə maksimum hədd tətbiq edilməyəcək ki, bu da insanlara həkim seçimində sərbəstlik verəcək. Yəni bir həkimi istənilən sayda ailə seçə biləcək. Hər ailə öz həkimini yaşadığı ərazidən seçməlidir.Milli Məclisin payız sessiyasında "Ailə həkimi haqqında" qanun layihəsi müzakirə oluna bilər.Məlumatda qeyd olunub ki, inkişaf etmiş bir çox ölkələrdə artıq ailə həkimi metodu tətbiq edilir: "Azərbaycanda da bir neçə regionda Səhiyyə Nazirliyinin dəstəyi ilə ailə həkiminin tətbiqi ilə bağlı pilot layihələr həyata keçirilir və yaxşı nəticələr əldə olunur. Azərbaycanda bu metodun tətbiqi ilə bağlı lazımi baza mövcuddur, amma qanun hələ ki qəbul olunmayıb. Bu gün bu məsələnin qanun ilə tənzimlənməsinə ehtiyac var. Bu baxımdan Milli Məclisin payız sessiyasında "Ailə həkimi haqqında" qanun layihəsinin müzakirələrə təqdim olunması gözlənilir".Məlumata görə, ailə həkimi metodunun tətbiqi eyni zamanda, səhiyyə sahəsində rəqabət yaradacaq. Qanun layihəsində, həmçinin həkimlərin əməkhaqlarının onların peşəkarlıqlarına, pasientlərinə göstərdikləri tibbi xidmətin keyfiyyətinə uyğun olaraq müəyyən edilməsi təklif olunur.Qanun layihəsinin qəbulu tibbi sığortanın inkişafına da ciddi təkan verəcək. Çünki ailə həkimi ilə tibbi sığorta bir-birilərini tamamlayan sistemdir.

Mənbə: ANS PRESS

2 sentyabr 2014
GO BACK