Qadin.NET / Şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?

Şagirdlər dərs ilinə hazırdır, məktəblər necə?

 

 

Bölgələrdə təmirsiz qalan tədris müəssisələri hələ də çoxluq təşkil edir

Təhsil Nazirliyi valideynlərin hesabına təmir-tikinti aparılmayacağını vəd edir.
Yeni tədris ilinin başlanmasına az qalıb. Şagirdlər və valideynlər dərs ilinə hazırlaşırlar. Məktəbli forması, ayaqqabı, iş dəftərləri, karandaş, qələm - əksəriyyəti hazırdır. Bəs dərs ilinə hazır şagirdləri qarşılayacaq məktəb binası necə, yeni dərs ilinə hazırdırmı?
Yeni tədris ilinə hazırlanan və ötən il təmirə bağlanan məktəblərin əksəriyyətində iş başa çatır. Təmir olunan məktəblərin əksəriyyəti paytaxtdadır. Ancaq bölgələrdəki kənd məktəbləri ilə bağlı eynisini demək mümkün deyil. 
Təhsil ilinə hazırlıq, məktəblərin vəziyyəti ilə bağlı açıqlamaların əksəriyyətində Bakı və ətraf qəsəbələrdəki məktəblərin təmirindən danışılır. Bəs bölgələrdəki məktəblərin vəziyyəti necədir?
Ağcabədinin Poladlı kəndinin sakini Məlahət Məmmədova 2 övladının təhsil aldığı kənd məktəbinin vəziyyətinin bərbad olduğunu deyir. Onun sözlərinə görə, məktəb 50 ildən artıqdır ki, əsaslı təmir üzü görməyib: "Varlıların mal tövləsi bundan yaxşıdır. Bura məktəb deyən ya ağlını itirib, ya da insaf sarıdan əziyyət çəkir. Döşəmə sıradan çıxıb. Pəncərə yox, qapı sınıq-sökük, partalar yaman gündə. İnanın, uşaqlarımızı buraya göndərməyə qorxuruq. Deyirəm, birdən məktəb uçar, qalarlar altında. Elə narahat olmağa dəyəcək vəziyyətdədir. Bir dəfə şagirdlərdən bir nəfərin ayağı döşəmədəki deşiyə girib yıxılmışdı. Oğlum deyir, ağzının-burnunun qanı bir-birinə qarışıbmış". 
M.Məmmədova da Poladlı kənd məktəbinin məzunudur. Deyir, özü oxuduğu dövrdə necə idisə, indi də həmin vəziyyətdədir məktəb: "İnanın, bir mismar da vurulmayıb. Mən oxuyanda necə idisə, indi də elədir. Heç nə dəyişməyib. Əksinə, daha da köhnəlib, yaman günə qalıb. Təmir etdirən, məktəblə maraqlanan da yoxdur. Nə bir şəraiti, nə də isitmə sistemi var. Qışda pul yığıb aldığımız odunları sobada yandırıb, otururlar kənarında. Elə ki, istilikdən bir az kənara çıxırlar, başlayırlar donmağa. Pəncərə yox, qapı yox, başqa necə olmalıdır?"
Şagirdlər də məktəbin vəziyyətindən şikayətçidirlər. Poladlı kənd məktəbinin 9-cu sinif şagirdi Sahil Səfərov deyir ki, məktəbin şəraiti pis olduğundan dərs də oxuya bilmirlər: "Bəlkə də çoxuna gülməli gələ bilər ki, şəraitsizliyin tədrisə nə dəxli var. Ancaq var. Mən soyuqda oturmamaq üçün dərsdən icazə alıb həyətdə odun doğrayıramsa, deməli, şəraitsizliyin dərs oxumağımıza təsiri böyükdür. Nə təmiri var, nə də normal şəraiti. Döşəmə dəlik-deşiklə doludur. Hətta o qədər böyük oyuqlar var ki, sinif yoldaşımın ayağı ilişib yıxılmışdı. Bir həftə dərsə gələ bilmədi".
S. Səfərov deyir ki, o da yaxşı məktəbdə oxumaq istəyir. Ancaq həmin o yaxşı məktəb şəraitini onlar üçün yaradan yoxdur: "Biz də şəhərdə yaşayan uşaqlar kimi dərsə sevinə-sevinə getmək istəyirik. Yaxşı oxumaq istəyirik. Daha dərsin ortasında həyətə enib odun doğramaq istəmirik. Soyuqdan çoxları dərsə gəlmir. Valideynləri icazə vermirlər. Neyləmək olar? Xəstələnirlər, sonra ailəsi xərcə düşüb müalicə etdirir. Ona görə də bəri başdan qış girən kimi dərsə buraxmırlar".
5-ci sinif şagirdi Elgiz Səfərov da qışda məktəblərinin soyuq olmasından şikayətləndi. Deyir, soyuqda çox vaxt dərsə gəlməmək məcburiyyətində qalır: "Üşüyürük. Ağlımız qalır evdə, isti sobanın yanında. Ona görə də normal dərs oxuya bilmirik. Kim istəməz normal məktəbdə təhsil almağı? Biz də hamı kimi istəyirik. Ancaq bizə bu şəraiti yaradan yoxdur. Dəfələrlə valideynlərimiz, məktəb rəhbərliyi yuxarılara müraciət edib. Ancaq şikayətimizə baxan olmayıb". 
Nüsrət Rüstəmovun da övladları bu məktəbdə təhsil alırlar. Deyir, dəfələrlə müəllimlərin əmək haqqından kəsilərək məktəb təmir edilib. Və ya valideynlərin vəsaiti hesabına: "Ancaq bu, xırda təmirlərlə alınan iş deyil. Gərək əsaslı təmir edilə. Ya da sökülüb yerində başqası tikilə. Daha valideynlərin və müəllimlərin 3-5 manatı ilə alınan iş deyil. Müəllimlərin də aldığı pul heç nədir. 80 manat, 100 manat. O nə puldur ki, hələ bir ondan nə qədərsə də götürüb təmirə verələr? Heç yetərli də deyil. O pulla məktəb təmir etmək olar? 3 gün sonra olur yenə həminki. Aidiyyatı qurumlardan xahiş edirik ki, bizim məktəbə baxsınlar. Bizim kəndə bir məktəb tiksinlər".
Bu yaxınlarda millət vəkili Qənirə Paşayeva Tovuzun Qaraxanlı kəndinin müəllim ailələrini ziyarət edib. Müəllimlərin tək xahişi təmirsiz məktəblərin təmiri məsələsi olub. Onlar çalışdıqları orta məktəbin təmirə ehtiyacı olduğunu deyiblər. Qənirə Paşayeva müəllimlərə yeni məktəb binasının tikintisi ilə bağlı hökumətdən xahiş edəcəyini deyib.
Hansısa məktəbin təmirə ehtiyacının olub-olmaması necə müəyyənləşir? Və ya təmirə ehtiyacın olub-olmamasını müəyyən edən qurum hansıdır? Suallarla Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sualları yazılı göndərməyimizi tələb etdi. Hələ ki cavab yoxdur. Ancaq nazirliyin iqtisadiyyat şöbəsinin keçmiş müdiriŞahrza Əliyev bir müddət öncə apa-ya açıqlamasında deyib ki, son illərə kimi məktəblərin təmir-tikintisi üçün büdcədən ayrılan vəsait Təhsil Nazirliyinə təqdim edilir və nazirliyin əsaslı təmir-tikinti idarəsi tərəfindən müvafiq məktəblərə ayrılırdı: "Son 1-2 il ərzində isə məktəblərin təmiri və tikintisi məqsədilə Təhsil Nazirliyinə hansısa ayrılmalar edilməyib. Bu vəsaitlər yalnız investisiya planında nəzərdə tutulan sosial proqramlar, o cümlədən məktəblərin əsaslı təmir-tikintisi üçün ayırmalar yerli icra hakimiyyətlərinə təqdim edilib. Cari təmir məsələlərinə gəlincə, bunun üçün Təhsil Nazirliyinin büdcəsində az da olsa, vəsait nəzərdə tutulurdu. Məktəblərin təmir məsələləri də nazirliyin büdcəsindəki vəsait hesabına ödənilirdi. Bu məbləğ isə çox az olduğundan, yalnız ehtiyacı olan məktəblərə ya pul, ya da avadanlıq şəklində ödənilib".
Şahrza Əliyev onu da deyib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bütün məktəblərin əsaslı təmir və tikintisinin aparılması nəzərdə tutulur. Buna görə də ayrı-ayrı məktəblərdə hər tədris ilinin sonunda müəyyən məqsədlər üçün "fondpulu", "təmirpulu" adı ilə pul yığılması düzgün deyil: "Misir Mərdanovun təhsil naziri olduğu dövrdə hər zaman buna qarşı mübarizə aparılıb. İnanıram ki, hazırkı təhsil naziri Mikayıl Cabbarov da bu məsələyə qarşı daim müzakirə aparacaq və məktəblərdə əlavə pul yığımının qarşısını alacaq".
Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycanın bütün ərazisində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı təmir işlərinin aparılması nəzərdə tutulmayıb: "Orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Nazirliyə bu məqsədlə kiçik bir vəsait də ayrılır. Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsindən ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz hər zaman barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olacağıq".
Hər il dövlət büdcəsi və investisiya xərcləri istiqamətində məktəblərin təmir və tikintisinə müəyyən vəsaitlər ayrılır. Bir neçə il öncəsinə qədər təmir, tikinti işlərini Təhsil Nazirliyi həyata keçirirdi. 2012-ci ildə bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin balansına verilməsi ilə bərabər bütün bu vəsaitlərin istifadəsi, təmir-tikinti işləri də müvafiq icra hakimiyyətlərinə həvalə edildi. Son illər məktəblərin təmir və tikintisinə nə qədər vəsait ayrılıb? Həmin vəsait necə xərclənib? Ən əsası təmirə ehtiyacı olan məktəb hara müraciət etməlidir? Sualların cavabı gələn sayda olacaq. 

Mənbə:Milli.Az

 

2 sentyabr 2014
GO BACK