İnsanların ən çox üstünlük verdikləri sosial şəbəkə olan “Facebook”un istifadəçi sayı getdikcə artmaqdadır ki, son açıqlamalara görə, bu rəqəm 1,32 milyarda çatıb. Bu baxımdan rekord vuran “Facebook”un gündəlik istifadəçi sayı 829 milyondur, başqa sözlə, bütün istifadəçilərin 63 faizi hər gün adıçəkilən sosial şəbəkəyə daxil olur. İstifadəçi sayı ölkələr üzrə də dəyişir ki, məsələn, amerikalılar hər gün “Facebook”da təxminən 40 dəqiqə vaxt keçirirlər. Ümumiyyətlə, istifadəçilər bu sosial şəbəkədən müxtəlif məqsədlə yararlanırlar ki, onların sırasında “bəyən”mələr də yer alır. Bəzi istifadəçilər həqiqətən də qəbul etdikləri, razı qaldıqları, bir qisim insanlar isə qarşısına çıxan məlumatı, nə təqdim olunmasından asılı olmayaraq “bəyən”irlər.
“Bəyən”mələr yaşa, cinsə görə dəyişir
“Facebook” da “bəyən”mələrlə bağlı bir sıra araşdırmalar aparılıb. Onlardan biri kimi 15-24 yaş arasında 449 nəfər arasında aparılan araşdırmada “Facebook”da “bəyən”mənin də yaşa və cinsə görə dəyişdiyi məlum olub. Eləcə də gün ərzində 40 faiz gəncin 5 dəfədən çox “Facebook”a daxil olduğu, özlərini təsdiq etmək üçün paylaşdıqlarına gələn “bəyən”mələr və şərhləri təqib etmək üçün giriş-çıxış etdikləri göstərilir. Araşdırmada yaş qrupları arasında “bəyən”mə fərqliliyi də olduğu aşkarlanıb. “Bəyən”diyi idmançı, idman kollektivini paylaşanların faizləri sırasında kişilər daha çoxdur. Qadınlar isə əsasən kişilərdən daha çox yemək “bəyən”irlər. Ümumiyyətlə, “Facebook” meydana gəldiyi vaxtdan bəri “bəyən”mə ifadəsi böyük bir dəyişikliyə uğrayıb. Artıq “bəyən”mə sadəcə bir şeyi yaxşı və ya gözəl görmədən əlavə, həm də dəstəkləmək və ya maraqlanmaq mənasının qarşılığı anlamına gəlib.
1224 nəfər arasında aparılan digər bir araşdırma “Facebook” dünyasına dair bütün həqiqətləri, nəyin niyə bəyənildiyini ortaya çıxarır. Nəticələrə görə, 16 faiz istifadəçilər ən çox divar paylaşmaları, rəsmlər və şərhlər “bəyən”irlər. Sonra isə 12 faizlə videolar gəlir. Onu da qeyd edək ki, araşdırmada “Facebook”da 8 faizin “bəyən”mədən istifadə etmədiyi aşkarlanıb. Göstərilir ki, istifadəçilərin “bəyən”məyə qərar vermələrinin iki önəmli səbəbi var ki, bunlar dəstəyini göstərmək və göstərilən amildən zövq almaqdır və bu rəqəm 28 faiz təşkil edir. Marka bəyənmək 14 faizlə üçüncü sıradadır. Digər bir önəmli məqam isə istifadəçilərin yaşlarının fərqlilik göstərməsidir. Məsələn, markalara aid “Facebook” səhifələrinin “bəyən”ənlərin böyük qismi 23 faizlə internetdə daha çox vaxt keçirən gənclərdən ibarətdir. 65 yaş və yuxarı olan istifadəçilər isə 9 faiz təşkil edirlər. Ən çox “Facebook” istifadəçilərindən olan ABŞ-da onların nəyi “bəyən”məsinə gəldikdə isə məsələn, kişilər 88 faiz oyun oynamağı və döyüş idman növlərini bəyənirkən, qadınlar 85 faizlə bağça işləri və rəqsi bəyənirlər.
Artıq CV-də sosial mediada yazdıqları statusların neçə nəfər tərəfindən “bəyən”ildiyini qeyd edirlər
Ölkəmizdə “Facebook” istifadəçilərinin sayı 1 milyondan artıqdır. Onların da bu sosial şəbəkədə “bəyən”mə səbəbləri fərqlidir. Mütəxəssislər də bunu müxtəlif səbəblərlə izah edirlər.
İstanbul şəhərində yerləşən Üsküdar Universiteti Sosiologiya Bölümünün başqanı, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Milli.Az-a bildirdi ki, Facebook və bunun kimi digər sosial media vasitələrini layihələndirənlər hər bir insanın daxilində olan “bəyən”ilmə instinktini (istəyini) çox gözəl qavrayıb və bunu layihənin uğuru üçün çox gözəl istifadə ediblər:
“Həqiqətən də sosial medianın bu qədər rəğbət görməsinin altında yatan səbəblər arasında bu amilin çox böyük rolu var. Bu mənada insanların sosial media məkanında yazdıqları statusların, yerləşdirdikləri rəsmin “bəyən”ilməsi, həm onların öz şəxsi eqolarının təmin olunması, həm də onlara qarşı münasibətin formalaşması baxımından əhəmiyyət kəsb edir. Bəzi insanlarda isə, xüsusilə gənclərdə, bu, asılılıq və xəstəlik səviyyəsindədir. Belə ki, bu insanlar sosial media vasitəsilə yazdığı fikirlər və yaxud yerləşdirdikləri şəkillər daha az “bəyən”ildikdə üzülərək depressiyaya düşürlər, özlərini lazımsız hiss etməyə başlayırlar. Hətta iş o yerə çatıb ki, bəzi insanlar hazırlamış olduqları tərcüməyi-halına (CV) sosial mediada yazdıqları statusların neçə nəfər tərəfindən “bəyən”ildiyini də qeyd edir və bunu öz üstünlükləri kimi təqdim edirlər”.
Bəzi sosial media “kapitanlar”ı öz fikirlərini “bəyən”mələrini gözləyirlər
Ə.Süleymanlının sözlərinə görə, sosial mediada insanların nəyi “bəyən”məsi məsələsi onların cinsinə, yaşına, təhsil və mədəni səviyyəsinə, işinə, siyasi görüşünə, hətta yaşadığı coğrafi mövqeyinə görə dəyişiklik göstərir. “Facebook” tərəfindən aparılan bir tədqiqatın nəticəsinə görə, musiqi, rəqs, alış-veriş kimi səhifələri və statusları “bəyən”ənlər və bu statuslara öz rəyini bildirənlərin arasında qadınlar üstünlük təşkil edir. Yenə ailə, məişət məsələlərinin müzakirəsi mövzusunda qadınların daha aktiv olduğu müəyyən olunub. Bunun müqabilində kişilərin idman, texnologiya və siyasi mövzuların müzakirəsində və bu qəbildən olan statusları bəyənməkdə daha aktiv olduqları aşkarlanıb.
Sosioloq bildirdi ki, Azərbaycanda da bu məsələ əslində xüsusi tədqiqat mövzusu kimi ələ alına bilər və maraqlı nəticələr çıxarıla bilər:
“Lakin tədqiqat olmadan belə, ötəri nəzər yetirdikdə görürsən ki, Azərbaycanda da sosial medianın bir növ öz “kapitanlar”ı var. Və bu “kapitan”ların maraq dairəsinə görə artıq müəyyən vaxt kəsiyində formalaşmış bir izləyici və hətta bəzilərinin fanat qrupu belə mövcuddur. Bunların arasında öz sahələrində məşhur insanlar olduğu kimi, daha əvvəl o qədər də tanınmayan, lakin sosial mediada aktivliyi sayəsində qısa zamanda məşhurlaşmış insanların sayı heç də az deyil. Həmin insanlar gün ərzində bir və ya bir neçə status paylaşırlar və həmin statuslar izləyiciləri tərəfindən həm “bəyən”ilir, həm də diskussiya predmetinə çevrilir. Beləliklə, ən azı, o qrup içərisində həmin mövzuyla bağlı ictimai rəy formalaşdırılmağa çalışılır. Bəzən bu “bəyən”ilmələr statuslar tam oxunmadan, mexaniki olaraq edilir. Çünki həmin statusu “bəyən”ən şəxsdə belə bir fikir formalaşıb ki, “A” və ya “B” şəxsinin statusu heç bir tərəddüdə məhəl qalmadan “bəyən”ilməlidir. Bəzən də bir şəxsin paylaşdığı status müxtəlif manipulyativ üsullarla populyarlaşdırılır və həm statusu paylaşan şəxsin, dəm də statusun özünün çəkisi süni şəkildə artırılır. Bu sahədə ixtisaslaşmış ticari şirkətlər belə var”.
O da vurğulandı ki, yazdıqları “bəyən”ilən insanların statuslarının mahiyyətinə nəzər yetirdikdə görürsən ki, heç də hər zaman tək bir sahəni əhatə etmir. Belə ki, bu statuslar siyasi mövzuya həsr olunduğu kimi, adi məişət problemini də əhatə edə bilir. Bunun da səbəbi kimi həmin insanların hər zaman eyni sahəyə aid (misal üçün, ədəbiyyat) mövzu seçimi etməkdə çətinlik çəkməsidir.
Ə.Süleymanlı deyir ki, digər tərəfdən bu insanlar bilərək fərqli mövzuları müzakirəyə çıxararaq öz izləyicilərini eyni mövzularla çox sıxmamağa çalışırlar:
“Bu da öz növbəsində bəzən çox bayağı statusların və mövzuların da müzakirəsinə səbəb olur. Bəzi məqamlarda isə sosial media “kapitanlar”ı özlərini hər cür mövzuda mütəxəssis və söz sahibi hesab edərək peşə sahələrinə aidiyyatı olmayan mövzularda da fikir paylaşır, öz fikirlərini “bəyən”mələrini gözləyirlər. Həmin vəziyyətin uzun müddət bu cür davam etməsi müəyyən bir müddətdən sonra, əgər fanatik səviyyəsində bağlanma yoxdursa, onun statuslarını oxuyanlar arasında ikrah hissi doğurmağa başlayır və izləyicilərin onu tərk etməsinə səbəb olur. İstənilən halda ictimai rəyə təsiri gündən-günə artan sosial mediada status və şərh yazan insanlar bir məqamı nəzərə almalıdırlar ki, onların yazdıqlarının bəzən istəmədən belə, çox sayda insan tərəfindən görülmə ehtimalı yüksəkdir və həmin insan özü də istəmədən arzu olunmayan bir hadisəyə və yaxud fikrin formalaşmasına səbəb ola bilər. Hər nə qədər sosial media azad bir məkan kimi qəbul olunsa da bu məkanın da öz etikası olmalıdır. Bu etika ümumi qəbul olunmuş dəyərlərlə ziddiyyət təşkil etməməlidir”.