"2014-cü ilin ilk 8 ayında Azərbaycanın meşə fondu torpaqlarında 10 yanğın hadisəsi baş verib.
Bu yanğınlar təxminən 55 hektar ərazini əhatə edib".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov APA-ya açıqlamasında deyib.
Yanğınların ekoloji səbəblərinə aydınlıq gətirən sektor müdiri bildirib ki, bu il havaların ötən ilə nisbətən daha isti və quraq keçməsi meşə yanğınlarına səbəb olub. Onun sözlərinə görə, bununla əlaqədar həm regionlarda, həm də aparatda fövqəladə iş rejiminə keçilib, sutkalıq növbətçilik təşkil edilib: “2013-cü ildə, ümumiyyətlə, meşə fondu torpaqlarında yanğın baş verməmişdi. Bu il isə indiyə qədər 10 yanğın hadisəsi baş verib. Yanğınlar əsas iki səbəbi var. Birinci səbəb odla ehtiyatsız davranma, ikinci səbəb isə taxıl biçinindən sonra köklərin yandırılmasıdır”.
Nazirlik nümayəndəsi qeyd edib ki, bu il yanğınlar meşə fondu ərazisində baş verməyib. O bildirib ki, meşə fondu torpaqları digər torpaqlarla həmsərhəd zonalarda yerləşir və bələdiyyə, xüsusi mülkiyyət, fermer torpaqlarında baş verən yanğınlar meşə fondu torpaqları ərazilərinə keçir: “Builki yanğınlar Siyəzən, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Masallı, Lerik və Qubada baş verib. Oğuzda hadisə şimşək çaxması nəticəsində yaranıb. Amma digər ərazilərdə baş verən yanğınların səbəbləri məlum deyil və bu halların araşdırılması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib. Ümumiyyətlə, yanğınlar 3 növdə olur - zəif, orta, intensiv. Bunlar da öz növbəsində aşağı və yuxarı davamlı olur. Azərbaycanda baş verən yanğınlar orta intensiv və aşağı davamlı olur”.
S. Salmanov əlavə edib ki, yanğınlar nəticəsində meşələrə dəyən ziyan oduncaq itkisi ilə ölçülür. Onun sözlərinə görə, bu il baş verən yanğınlarda xırda kol-koslar yanıb, böyük ağaclara ziyan dəyməyib: “Ümumiyyətlə, oduncaq itkisinə yol verilməyib. Yanğınlar nəticəsində meşə fonduna cəmi 5500 manat ziyan dəyib".
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də Azərbaycanda qeydə alınan meşə yanğınlarının səbəbləri barədə danışıb. Nazir müavini son zamanlar Lənkəran, Lerik, Cəlilabad, Astara və digər rayonlarda meşə yanğınlarının baş verməsinin əsas səbəbini insan faktoru ilə əlaqələndirib: “Mən üzümü bu bölgədə yaşayan insanlara tutub deyirəm ki, odla ehtiyatsız davranmaları özlərinə, ailələrinə və ekologiyaya təhlükə yaradır".