Bizim əyalət qadınlarının həyatı dəhşətdir. Tərsməzhəb adət-ənənələr, eybəcər ailə institutları, başyeyən məişət münasibətləri onların ömrünü yeməkdə, çürütməkdədir.
Belə mənzərələr çoxlarınıza tanışdır. Toppuş-moppuş, yağ içində böyrək kimi bəslənən qızlar ərə gedəndən cəmi iki ay sonra ata evinə qonaq gələndə mütləq xeyli sınıxmış olurlar. Bir ildən sonra sümüyü sanananlar da olur, amma ən yaxşı halda bənizləri avazıyır.
Əvəzində baxırsan ki, qayınana xeyli cavanlaşıb, gümrahlaşıb, illərin stressini atıb elə bil. Baldız bekarlayıb, qabağında qulluqçu işlədən xanım kimi ayağını ayağının üstünə aşırıb, telefonda “iqra” oynayır, ya da kiminləsə mırt vurur.
Ana-bala üstlərinə gün doğub, sanki.
Gəlinsə qayğılı, yuxulu, yorğun görünür. Gecə kişi xidmətində, səhər baldız-qayınana, necə olmalıdır ki...
Üstəlik, qayınananın gəlin bir balaca yuxudan gec qalxan kimi üz-gözünü turşutması, qonşu arvadlara “zalımın qızı 11-ə kimi yatır” qeybətini eləməsi də var.
Bir sözlə, doğma ata-ana yurdundan ayrılıb, təzə evə düşmüş binəva gəlin çox aşağı statuslu birisi sayılır. Səbəb də azərbaycanlı ailələrində, əsasən də əyalətlərdə 19-cu əsrdən bəri bir addım da olsun qabağa getməyən yazılmamış qayda-qanunlar, iyrənc ənənələrdir.
...Bir neçə il bundan öncə qadınlarda döş xərçənginin yayılması ilə bağlı bir tədbirdə iştirak edirdim. Həkim onkoloq dedi ki, əsasən gərgin və qeyri-normal həyat şəraitinin yaratdığı bu xəstəlik əyalətlərdə gənc və orta yaşlı qadınlar arasında çox yayılıb. Dedi ki, onlar vaxtında müayinə və müalicə olunmadıqları üçün çox vaxt həyatlarını xilas eləmək mümkün olmur.
Həmin tədbirdə iştirak edən psixoloqla söhbətim isə hələ də yadımdan çıxmayıb. Psixoloq bildirirdi ki, xərçəngli qadınların əksəriyyəti külfət içində yaşayan, qayınana-qayınata, baldız nazı çəkməyə məcbur edilən qadınlar olur. Onların çoxusu xərçəngi elə ilk uşaqdan sonra tuturlar. Psixoloq bunun bir səbəbini onların vaxtlı-vaxtında körpələrini qidalandıra bilməmələrində, süd vəzilərinə nəzarət etməmələrində və gərginlik keçirmələrində görürdü.
Bütün bunlar rayonda böyümüş birisi kimi mənə nə qədər tanış problemlər idi...
Nə qədər ki onlar təzə gəlindirlər, boyunlarına qoyulan işləri birtəhər çatdırıb görürlər. Amma elə ki, uşaq doğdular, təbii olaraq, bu işləri görə bilmirlər.
Uşaq doğduqdan sonra bu gəlinlərin həyatı bəzən əzaba çevrilir. Ətrafdakılar bu qadınlara qarşı diqqəti artırmaq əvəzinə qeyri-insani davranış nümayiş etdirirlər. Məsələn, ondan əvvəlki kimi ailənin yükünü çəkməyi, ev-eşiyə baxmağı, bir çətən külfətin yeməyini bişirməyi tələb edirlər. Daha dəqiq desək, gəlin ana olduqdan sonra bu işləri çatdıra bilmədiyi üçün evdəki xanımzadələrin kefi pozulur. Gəlin gözdən düşür, ona qarşı təzyiqlər başlayır və sairə...
Yeni ana olmuş qadının ruhi və fiziki durumundakı dəyişikliklərin nəzərə alınmasından, bu vəziyyətin kontrol edilməsindən isə söhbət gedə bilməz.
Nəhayət, bütün bu qanqaraldan, əsəbi söhbətin yekununda mən psixoloqa belə bir ritorik sual vermişdim: “Bəs bu gəlinlərin həyatında onların ərlərinin rolu nədən ibarət olur?”
Sonra isə həmsöhbətimi ciddi surətdə təəccübləndirərək həmin kişilərin (burada, məmnuniyyətlə, dırnaq işarəsi qoyardım) rolunun nədən ibarət olduğunu sadalamışdım.
Bəli, qayınana, qayınata, baldız basqısı altda olan, həyatı əslində bir qara qulun həyatından fərqlənməyən əyalət qadınlarının həyatında onların ərlərinin rolu münaqişəli situasiya yarandıqda “mıxməmməd” kimi ortada bitib, gəlinə “yerini göstərməkdən” ibarətdir. Onların əsas rolunun nədən ibarət olduğunu isə mən onlara verdiyim ümumi adda göstərmişəm: mıxməmmədlər...
Mənbə: Milli.Az