Qadin.NET / Müharibə başlasa...

Müharibə başlasa...

Müharibə başlasa...
Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin KİV-ə xəbərdarlığı müzakirə predmetidir. ANS TV-nin məlumatına görə, Ramiz Mehdiyevin Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri kütləvi informasiya vasitələrinin rəhbərləri ilə müzakirə etməsi əslində gözlənilən idi. Bunun üçün əsası biz jurnalistlər xəbərdən bixəbər davranışlarımız, qeyri-peşəkar hərəkətlərimizlə vermişdik.Avqustun əvvəllərində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində yaranan gərginlik həqiqətən də ortaya maraqlı bir situasiya çıxardı. Məlum oldu ki, sabah müharibə baş versə, bizim jurnalistlərimiz ən yaxşı halda çaş-baş qalacaq, ən pis halda isə hərbi sirrimizi düşmənə faş edəcəklər. Deməzdim ki, qəsdən, bunun üçün əlimizdə əsas yoxdur. Sadəcə qeyri-peşəkarlıqdan və məsuliyyətsizlikdən dolayı düşmən tərəfin maraqlarına xidmət etdiyimiz göz qabağında idi. “İndi filan yerə gedirik, bir saatdan sonra filan kəndi alacağıq, aha artıq aldıq”. Bütün bunlar həmin günlər cəbhə xəttinə ezam olunmuş jurnalistlərin sosial şəbəkədə paylaşdıqları xəbərlər idi. Hansı ki, jurnalistlərimizi gülüş hədəfinə çevirmişdi. Məsələn, onların yaydığı dezinformasiyalara qarşılıq olaraq onların dilindən belə statuslar paylaşırdılar. “Hardasa İrəvana çatırdıq, internet kəsildi, geri qayıtdıq”. Və yaxud, bir həmkarımız yazırdı.“Əziz jurnalistlər yavaş-yavaş gedin, ordu sizə çata bilmir”. Bəli, vəziyyət bu lətifə qədər gülməli idi və nə qədər qəribə olsa da, biz bunun sabah əleyhimizə işləyə biləcəyinin fərqində deyildik. Ona görə də, bir neçə gün əvvəl təkrar yenə hərbi texnikamızın hansısa rayondan çıxıb, cəbhə xəttinə doğru irəlilədiyini necə deyərlər, bütün detallarıyla ictimailəşdirdik. Tankların nömrələri, hərəkət trayektoriyası və s. Sanki elə belə lazım imiş kimi açıq-aşkar göstərilirdi. İnformasiyanın mənbəyinə gəlincə, mənbə rolunu hansısa nazirliyin mətbuat xidməti filan yox, hanısısa kənd müəllimi oynayırdı. Bu yerdə, belə xəbərlərin yayılmasında rəsmi qurumların mətbuat xidmətlərinin yarıtmaz rolunu da demək lazımdır. Bəzi mətbuat xidmətlərindən söz qoparmaq bu gün göydən ulduz qoparmaq qədər çətindir. Ona görə də Prezidentin İcra Aparatının rəhbəri keçirdiyi müşavirədə təkcə bəzi KİV-ilərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini deyil, həm də aidiyyatı dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini tənqid edib. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş, hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılmasını düşmən maraqlarına xidmət edən məlumatlar kimi dəyərləndirib. Bunu cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratdığını deyib. O xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış, fəaliyyəti ilə bağlı dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Aparat rəhbəri beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunacağını bildirib. “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsd və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar bundan sonra da atılacaq”, - deyə Ramiz Mehdiyev bildirib.

Mənbə: ANS PRESS

30 avqust 2014
GO BACK