Dərman dərdi sağaltmır, xəstəliklə mübarizə aparır. Bu gün əksəriyyətin işi sağalmaqla deyil, dərdiylə üz-üzə mübarizə aparmaqdan keçir. Nəticə isə birdir, insan ya dövlət, ya da ki, özəl xəstəxanaya üz tutmalı, dərdinə çarə axtarmalıdır. Lakin o da hamıya gün kimi aydındır ki, bu gün dövlət xəstəxanaları ilə özəl klinikalar arasında elə də ciddi fərq yoxdur.
Doğrudur, müasir tibbi avadanlıqlar və şərait baxımından dövlət müəssisələriylə özəl xəstəxanalar arasında müəyyən fərqlər olsa da, ciddi ultramüayinələrdə, cərrahi əməliyyatlarda qiymət, demək olar, eyni başa gəlir. Əslində, dövlət xəstəxanaları büdcədən maliyyələşdiyi üçün özəl klinikalarla yarışa girməməlidir. Amma dövlət müəssisələrində əhali həmin pulu qeyri-rəsmi, özəllərdə isə rəsmi şəkildə ödəməli olur. Misal üçün, doğuşla bağlı dövlət xəstəxanasına müraciət edənlər həkimə və ətrafına ödəyəcəyi məbləği elə özəl klinikaya birbaşa, bütöv şəkildə verməyi daha sərfəli sayır. Yəni bu pul onsuz da xərclənəcək, elə şəraitli özəl klinikaya getmək daha münasibdir.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov söyləyir ki, dövlət xəstəxanası kağız, sənəd üzərində qanunla tam pulsuz xidmət göstərir. Ə.İnsanovun vaxtında müəyyən dövlət xəstəxanalarının texniki prosedurlara aid hissəsində pullu xidmət tətbiq edilib. Bunun adının təsərrüfat hesablı xidmət olduğunu söyləyən həmsöhbətimiz, bununla pullu xidmətin leqallaşdırılıdığını bildirib: “O.Şirəliyev nazir olandan sonra bütün xəstəxanalara göstəriş verdi ki, dövlət xəstəxanaları pullu ola bilməz. Amma buna müəyyən həddə riayət edilir. Dövlət xəstəxanalarında hazırda bir nəfərin bir manat da vermədən müalicə və müayinə olunduğunu söyləməsi mümkün deyil. Bu gün hərtərəfli müalicə üçün dövlət xəstəxanalarının hansısa təchizatı yoxdur. Özəl klinikalardakı dərman və müayinələr dövlət xəstəxanalarında tətbiq edilmir. Bu baxımdan dövlət xəstəxanalarında pulsuz müalicə olunmaq mümkün deyil”.
R.Bağırov qeyd edir ki, doğuşla bağlı xəstəxanalara müraciət də müəyyən qaydalara əməl olunmaqla reallaşmalıdır. Yəni öncədən həkimlə pul söhbəti etmək, doğum evinə getmədən ginekoloqla açıq alver etmək yolverilməzdir. Hamiləlik dövründə həkim nəzarətini vacib sayan ekspert, uşağın dünyaya gəlməsi üçün hansısa həkimlə öncədən razılığa gəlməyin əhəmiyyətsiz olduğunu deyir: “Heç bir həkimlə doğuş haqqını danışmaq lazım deyil. Sadəcə olaraq 9 ay ərzində uşağın ana bətnində inkişafına, ananın hamiləlik gedişinə nəzarət olunmalıdır. Doğum evinə gedəndə uşağın gəlişini istənilən ginekoloq, mama-həkim qəbul edəcək. Kənardan həkim çağırmaq da lazım deyil. Növbətçi həkim belə bu işin öhdəsindən gələ bilər. Yəni həkimlə öncədən qiymət söhbəti etmək düzgün deyil. Əhali bu istiqamətdə maarifləndirilməlidir ki, dövlət xəstəxanasına üz tutanda da özəl klinikalarda olduğu kimi külli miqdarda pul xərcləməsin”.