“Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Onlarla işğalçı məhv edildi və onların təxribatı baş tutmadı.” ANS PRESS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
O, bildirib ki, bu təxribatın səbəbləri də aydındır: “Çünki bildiyiniz kimi, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycan mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu və hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər.”
Azərbaycanın dövlət başçısı bildirib ki Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlanıb: “Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirib. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son hadisələr bu prosesə yeni təkan verib. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif üsullara əl atır. Bu yaxınlarda hətta etiraf edilib ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir. Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir.”
Prezident, həmçinin ölkəmizin Ermənistanı iqtisadi cəhətdən dəfələrlə üstələdiyini də diqqətə çatdırıb: “Hərbi potensial baxımından Azərbaycan Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır. Gündən-günə gücümüz artır. Bilirsiniz ki, böyük vəsait ayrılır və ayrılacaq. Hərbi xərclər bizim dövlət büdcəmizin əsas xərcləridir və bu, gələcək illərdə də belə olacaq. Biz xərcləri artıracağıq. Ordumuzun peşəkarlığı artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşibdir. Bu, Azərbaycanın inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin qaytarılması məsələləridir. Bu işdə əlbəttə ki, gənclərin xüsusi rolu vardır. Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar.”