Qadin.NET / “İşğala son qoyacağıq”

“İşğala son qoyacağıq”

 

“İşğala son qoyacağıq”

“Hazırda işğal altındakı bütün torpaqlar işğaldan azad olunandan sonra bax, Horadiz kimi olacaq.” ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Füzulidə rayon ictimaiyyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident bildirib ki, biz həm Füzuli şəhərini bərpa edəcəyik, hazırda tamamilə dağıdılmış Ağdamı bərpa edəcəyik, Şuşanı, bütün başqa şəhərləri bərpa edəcəyik: “Çünki mən tam əminəm, - əminəm ki, Azərbaycan xalqı bunu bilir, - biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycanın buna gücü çatır və bu, qaçılmazdır. Sadəcə olaraq hələ çalışırıq ki, bunu danışıqlar yolu ilə, qan tökülmədən həll edək. Amma biz istənilən varianta hazırıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır – Xankəndi, Şuşa. Sadəcə müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir.”
Daha sonra dövlət başçısı bu ayın əvvəlində təmas xəttində baş verən hadisələrə də toxunub: “Bu hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərdi. Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır. Ona görə biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir.”

Mənbə: Milli.Az

 

30 avqust 2014
GO BACK