Rusiya ordusunun Ukraynanın şərqində davam edən münaqişəyə açıq müdaxiləsindən sonra rəsmi Kiyev üzvlük üçün NATO-ya müraciət etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk bəyanat verib. Siyasi şərhçilər Ukraynanın NATO-ya rəsmi olaraq qoşulmasının yaxın zamanda gerçəkləşməsinin mümkün olmadığı fikrindədirlər. Ancaq Yatsenyukun Ukrayna hökümətinin bu niyyətini açıqlaması Rusiyanın hərbi təcavüzündən qorunmaq üçün Qərbin hərbi himayəsini qazanmaq istiqamətində mühüm addım kimi qiymətləndirilir. Ukraynanın NATO-dakı səfiri İqor Dolxov Rusiyanın apardığı təcavüzkar siyasətinin hər kəsə siyasi yanaşmaları yenidən nəzər salmağa vadar etdiyini bildirib. Qeyd edək ki, NATO 6 əvvəl alyansla sıx əlaqələr qurmağa çalışan Ukraynanın üzvlük təklifini rədd etmişdi.
Üzvlük ərizəsinin təkrar olaraq təqdim olunması hələ Maydan hadisələrindən əvvəl aktual olub. Ancaq hazırda Ölkənin Şimali Atlantika Alyansına qoşulma şansları çox aşağıdır. Siyasi ekspertlərə görə, Yatsenyukun bəyanatı daha çox , Qərbə, Ukraynanın qonşusu Rusiyaya və Ukrayna xalqına bir ismarış olub, Rusiyanın təcavüzünün mümkün fəsadları barədə xəbərdar edib.
Mənbə: ANS PRESS