Qadin.NET / Boşanmaların sayı artıb

Boşanmaların sayı artıb

 

Boşanmaların sayı artıb

Ölkə üzrə boşanmaların sayı azalmaq əvəzinə artır. Səbəblər isə əsasən sosial problemlər, məişət problemləri, bir də cütlüklər arasındakı anlaşılmazlıqlardır.
ANS TV-nin məlumatına görə, Azərbaycan qadını üçün boşanma qərarını vermək o qədər də asan deyil. Amma təəssüfləndirici hal odur ki, bir zamanlar dözümlülüyü və uzunömürlülüyü ilə seçilən Azərbaycan ailələrində nikahların pozulması artıq adi hala çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il 11730 boşanma qeydə alınıb ki, bu da 2012-ci ildəkindən təxminən 600 fakt çoxdur.
Maddi çətinliklər, sosial bəlalar ailənin dağılmasına səbəb olur. Amma səbəblər arasında üstünlük təşkil edən kişi tərəfindən zor tətbiq olunması, ətrafdakıların müdaxiləsi və hər iki tərəfdən xəyanət hallarının yaşanması olur. Hüquqşünaslar hesab edir ki, boşanma zamanı ən çox zərbəni alan isə ailənini azaşlı üzvüləri olur.
Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, "Ər və arvad şəxsi ambisiyasından yanaşırlarsa da boşanma zamanı daha çox hüququ pozulan uşaqlar olur. Onlar natamam ailədə böyüyəndə psixoloji durumları pozulur. Ata-ana, eyni zamanda ağsaqqallar çalışmalıdır ki, boşanmalar olmasın”.
Psixoloqların araşdırmasına görə, boşanmalar ən çox qısa tanışlıqdan sonra qurulan ailələrdə baş verir. Amma bu halların qarşısını almaq üçün psixoloji dəstəyə və ictimai qınağa ehtiyac var.
Psixoloq Elnur Rüstəmov isə deyir ki, "Məhkəmə kabinetlərində psixloqların olması yaxşı olardı. Ailə psixoloqlarının bu işə cəlb edilməsi, boşanma prosesinin qarşısının alınmasına təsir göstərəcək. Boşanma adiləşib, bununla bağlı ictimai qınaq olmalıdır. İctimai qınaq olarsa, bu da boşanmaların sayının azalmasına gətirib çıxara bilər”.
Boşanma səbəblərini araşdırıb onları analiz edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu kimi halların baş verməməsi üçün maarifləndirmə işləri aparır.
Komitənin Hüquqi Təminat Şöbəsinin müdir müavini Vəsilə Mövsümova qeyd edir ki, "Biz vətəndaş cəmiyyətləri ilə, eyni zamanda da ailə qadın uşaq problemlərilə işləyən təşkilatlarla iş qururuq. Boşanmanın olmaması üçün regionlarda maarifləndirmə işi aparılır, eləcə də hüquqi psixologi yardımlar göstərilir”. 
Amma hər şeydən əvvəl nigaha daxil olan cütlük unutmamalıdır ki, ailə kiçik bir dövlətdir. Dövləti isə onun vətəndaşları qoruyur. Nikaha girməzdən əvvəl bu yükü çiyinlərində daşıya biləcəyini hər bir vətəndaş yaxşı düşünməlidir.

Mənbə: ANS PRESS

 

29 avqust 2014
GO BACK