Qadin.NET / Siqaret narkotikdir

Siqaret narkotikdir

 

Siqaret barədə yazılara eramızdan əvvəl X əsrdə Mərkəzi Amerika məbədlərində tapılmış rəsmlərdə təsadüf edilmişdir. Burada tüstünü udan şəxs təsviri yer almaqdadır. Ta qədimdən insanlar tütünü çeynəyir, dəmləyir, yandırardılar. Tütün çəkənlərin sayı artdıqca onu çəkməyin metodları da artıb. Şimali Amerikada trubka, Cənubi Amerikada tütün yarpaqlarını silindr şəklində büküb, çəkməyə başladılar. Sonrakı əsrlərdə hind məbədlərindəki rəsmlərdə də tütün tüstüsü ilə nəfəs alan adamlar yer almağa başladılar.

Tütün durmadan məşhurlaşırdı. Onu çeynəyir, iyləyir, yarpaqlarını xəstə yerlərə yapışdırır və siqaret kimi çəkirdilər. Onu pul əvəzinə mübadilə vasitəsi kimi də işlədir, vəzifəli şəxslərə hədiyyə edirdilər.
Tütün Türkiyəyə XVI əsrin ortalarında Avropadan gəlir və sürətlə məşhurlaşır, XVII əsrdə Yaponiya, Çin və digər Asiya ölkələrinə yayılır. XVII əsrdə artıq bütün dünya tütünlə tanış olmuşdu. Tütün iyləmək və çeynəmək geniş yayılır, ondan müalicə məqsədləri üçün istifadə edilirdi. 
Tütünlə mübarizə yeni başlanmayıb. Onu əvvəllər də , “şeytanın aldatma üsulu” adlandırırdılar. XVI əsrin sonlarında Böyük Britaniyada və Osmanlı imperiyasında tütün çəkənləri cadugar adlandırıb, edam edirdilər. Qədim Rusiyada XVII əsrdə tütün çəkənləri ağacla döyərək “düz yola” gətirmək istəyirdilər. 1634-cü ildə Moskva şəhərindəki böyük yanğından sonra tütün çəkənlərə ölüm hökmü tətbiq edilməyə başladı. Qadağalar tütündən istifadəni daha da sürətləndirdi. 
Amerikanın kəşfindən bir müddət sonra tütünü artıq bütün Avropa becərirdi. Tütünün belə sürətlə yayılmasının əsas səbəbi insanların onun müalicə əhəmiyyətinə inanması idi. XVII əsrin 70-ci illərində ispan həkimi Nikolas Mondares tütünün müalicəvi əhəmiyyəti barədə kitab yazır. Burada o, tütünlə 30-dan çox xəstəliyin müalicəsi metodlarını göstərir. Miqren, mədə-bağırsaq, diş ağrısı, sümük ağrısı kimi xəstəliklərin müalicəsində istifadə etməyə başladılar. XVII əsrin sonlarında tütünün ziyanlı olduğu müəyyənləşdi. Tütün gətirilməsi qadağan edildi və əkini azaldıldı. Bundan sonra tütün qaçaqmalçılıq yolu ilə gətirilməyə başladı. ABŞ tütün istehsalı və satışından zənginləşməyə başladı. Amma artıq orada da qadağalar başlayırdı. 1890-cı ildə Amerikanın 26 ştatı kiçik yaşlı uşaqlara siqaret satmağı qadağan etdi. 1908-ci ildə Nyu-York rəhbərliyi qadınlara ictimai yerlərdə siqaret çəkməyi qadağan etdi. 
İkinci Dünya Müharibəsində bir çox dövlətlər, xüsusilə, SSRİ siqareti əsgərlərin rasionuna daxil etdi. Məqsəd döyüşçülərin əsəblərini sakitləşdirmək idi. Hitler Almaniyası isə əksinə tütün əleyhinə mübarizəni sürətləndirərək, onu hakimiyyətin imicinə zərbə kimi qiymətləndirir, düşmən tərəfin liderini (SSRİ-nin rəhbəri qəlyan çəkən Stalin nəzərdə tutulur) pis nümunə kimi göstərirdi. Müharibədən sonra siqaretə qarşı mübarizə daha da gücləndi. Almaniya qatarlarda, avtobuslarda və digər ictimai yerlərdə siqaret qadağan edildi. 
1950-ci illərin əvvəllərində siqaret ayrı-ayrı qəhrəmanların və kino ulduzların imicinə çevrildi, onların çoxsaylı pərəstişkarları da bu işə qoşuldular. Tələbatın artması tütün sənayesinin çiçəklənməsinə yol açdı. Həmin ildən başlayaraq, tütün əleyhinə ciddi təbliğat başladı. Bununla bərabər guya zərərini azaltmaq məqsədi ilə filtrli siqaret istehsalına başlandı. Siqaret qutuları üzərində siqaretin orqanizmə zərəri göstərilən yazılar yazıldı, onun reklamını qadağan etməklə bağlı təşəbbüslər oldu. 
1970-ci ildən amerikada siqaret reklamı televiziya ekranlarından yığışdırıldı. Buna baxmayaraq, bu gün dünyada tütün reklamı avtomobil reklamından sonra 2-ci yer tutur. 
1980-ci il tütün üzərinə qlobal hücumların başlanması kimi xatırlanır. Amerika və qərbi avropada tütün vergisi 85 faizə qədər artırıldı. 2003-cü ildə tütün istehsalı ilə mübarizəyə dair Ümumdünya Səhiyyə Təşkilatı Çərçivə Konvensiyası qəbul etdi. 4 il ərzində bu Konvensiyaya 146 ölkə daxil oldu. Bu BMT-nin qəbul etdiyi Konvensiyalardan ən çox dəstəklənən sənəd oldu. Artıq tütünün cəmiyyətdə yeri müəyyənləşdi.
Bir sıra ölkələrdə siqaret çəkməyə qarşı mübarizə gücləndirildi,ictimai yerlərdə siqaret çəkilməsinə qarşı hüquqi sənədlər qəbul edildi. Onun reklamına qarşı ciddi qadağalar tətbiq edildi. 
Bir vaxtlar Azərbaycanda ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda siqaret çəkmək adi hal kimi qarşılanırdı. Rəsmi məlumatlara görə, Azərbaycanda 3 milyona yaxın insan siqaret çəkir. Sürücülərin sükan arxasında siqaret çəkməsi sərnişinləri ən çox narahat edən məsələlərdəndir. Bu yaxınlarda Nazirlər Kabinetinin müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkilməsinin qadağan olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişikliklər barədə qərar qəbul etdi.
Bəzi idarə və müəssisələrdə, kabinet və koridorlarda siqaret sərbəst çəkilir. Qadınlar və qızlar əvvəllər iş yerində tualetlərdə siqaret çəkirdisə, indi ofislərdə qadınların siqaret çəkmələri adi hala çevrilib. Xanım sürücülərin əksəriyyəti sükan arxasındaca siqaret çəkməyə başladılar. Halbuki, böyüklərin gördüyü yerdə siqaret çəkmək ədəbə uyğun sayılmayıb. Kafe və restoranlarda siqaret çəkmək adi haldır. Sulu qəlyanın reklamı göz çıxarır. Elə çıxır ki, buralara insanlar elə siqaret və ya qəlyan çəkmək üçün gəlirlər. 
Xüsusilə, yaşlı nəsil yaxşı bilir ki, siqaret çəkilən müştüyün deşiyi qətranla tutulur onu yalnız qazıyıb təmizləmək olur. Həmin qətran siqaret çəkənin ağ ciyərindəki kanallara da hopur və təmizlənmə ehtimalı yoxdur. Çünki oraya hər hansı müdaxilə imkanı yoxdur.
Nəticə - ağciyər xərçəngi. 60 yaşlı dostumuzla bu mövzuda söhbət əsnasında aydın oldu ki, ömrünün 30 ilini siqaret çəkib, özü də filtrli. 10 ildir ki, çəkmir və buna çox sevinir. O, bu günlərdə soyuqlayıb və ağ ciyərinin rentgen fotosunu çıxartdı. Həkimin ilk sualı belə olub: “Deyəsən, siqaret çəkirsiz?” Deməli, siqareti atmış adamın ciyərlərinə hopmuş qətran heç bir dəyişikliyə uğramadan orada gözləyir ki, orqanizm zəifləməsin və o, öz təsirini göstərsin. Həmsöhbətim deyir ki, soyuqlayanda rentgendə görünən qara ləkələrin yerində ağrılar hiss edir.
Siqaretin insana zərərləri barədə kifayət qədər yazılıb və yazılacaq. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Tütünün tərkibində 4000-ə yaxın kimyəvi maddə vardır. Bunların yüzdən çoxu toksiki maddələrdir. Bu maddələr insanın immun sisteminə və bütün daxili orqanlara təsir edir. Tütünün izlərinə siqaret çəkən ananın südündə belə rast gəlinir 
Tütünün tüstüsü 10 saniyə ərzində insan beyninə çatır. Tüstüdəki karbon 2 oksid qandakı hemoqlobinlə birləşərək oksigenin orqanlara getməsinin qarşısını alır. Ağ ciyər xərçəngi dil, boğaz, mədə, böyrək, xroniki bronxit, ürəyin işemik xəstəliyi, qan damarlarının daralması, insult və infarkta səbəb olur. 
Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, ABŞ-da insanların ağ ciyər xərçənginə tutulmasının 87 faizi siqaretdəndir. Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk altındadırlar. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. O, alkoqol və kokain qədər güclü təsirə malikdir. Siqaret çəkənlərin çoxu onun təsirlərindən xəbərdar olsalar da, bu zərərli vərdişdən ayrıla bilmirlər. Amma unutmasınlar ki, ziyanın harasından qayıtsalar, xeyirdir.
Mənbə: Milli.Az

 

28 avqust 2014
GO BACK